Fransada dövlət borcu ilə bağlı müzakirələr davam edir. Milli Assambleyada “Əyilməz Fransa” qrupunun deputatı Matild Pano ölkənin dövlət borcunun “müddətsiz borca” çevrilərək, Avropa Mərkəzi Bankının (AMB) balansında dondurulmasını təklif edib.
NUHÇIXAN xəbər verir ki, deputat bu təklifi BFMTV-yə müsahibəsində səsləndirib.
Pano bildirib ki, Avropa Mərkəzi Bankı COVID-19 pandemiyası zamanı avrozona ölkələrinin dövlət borcuna aid qiymətli kağızlarını kütləvi şəkildə satın alıb və buna görə də oxşar mexanizmin yenidən tətbiqi mümkündür.
İqtisadçı Erik Heyerin sözlərinə görə, nəzəri baxımdan borcun dondurulması ölkəyə əsas borcu geri qaytarmadan yalnız faiz ödəməyə imkan verə bilər. Bu, “müddətsiz borc” adlandırılır. Bununla belə, avrozona ölkələri AMB-nin səhmdarları olduğundan, ödənilən faizlərin bir hissəsi dolayısı ilə dividendlər şəklində onlara qayıda bilər.
Lakin iqtisadçı Matyö Plan vurğulayıb ki, belə mexanizm hazırda adi praktika deyil. AMB müddəti başa çatan borcları yenidən ala bilər, amma onları sonsuzadək satın almaqla bağlı heç bir öhdəlik götürməyib.
2020-ci ilin martında pandemiyanın yaratdığı böhran fonunda AMB fövqəladə tədbirlər həyata keçirərək, avrozona ölkələrinin dövlət və şirkət borclarını kütləvi şəkildə satın alıb.
Lakin iqtisadçıların fikrincə, mövcud qaydalar çərçivəsində AMB yalnız Fransanın borcunu satın ala bilməz. Erik Heyer bunun üçün xüsusi fövqəladə proqram yaradılmasının lazım gələcəyini və AMB-nin, eyni zamanda, bir neçə avrozona ölkəsinin borca aid qiymətli kağızlarını almalı olacağını bildirib.
Məsələ ilə bağlı əsas narahatlıqlardan biri maliyyə bazarlarına göndəriləcək siqnaldır. Heyer hesab edir ki, Fransanın borcunu qaytarmaq niyyətində olmadığı təəssüratının yaranması investorların ölkəyə inamını zəiflədə və borclanma faizlərinin daha da yüksəlməsinə səbəb ola bilər.
2010-cu ildə AMB Yunanıstan, İspaniya, İtaliya, İrlandiya və Portuqaliyanın dövlət borcuna aid qiymətli kağızlarını təxminən 220 milyard avro məbləğində satın alıb. Məqsəd həmin ölkələrin maliyyə sabitliyini qorumaq idi.
Bununla yanaşı, Fransanın vəziyyətinin hələ dramatik həddə çatmadığı bildirilib. Fransanın 10 illik dövlət istiqrazlarının gəlirliliyi təxminən 4 faiz, Almaniyada isə 3,2 faiz səviyyəsindədir.
