Nepalda dağıdıcı daşqın: Təxminən 1500 nəfər itkin düşüb - FOTOLAR
Nepalda baş verən dağıdıcı daşqın nəticəsində 800-dən çoxu xarici turist olmaqla, təxminən 1500 nəfər itkin düşüb.
NUHÇIXAN xəbər verir ki, 162 nəfərin həlak olduğu bildirilir.
İnfrastruktur naziri Sunil Lamsalın məlumatına görə, ölkənin infrastrukturuna təxminən 1,3 milyard dollar məbləğində ziyan dəyib.
Xilasetmə əməliyyatına 5 mindən çox hərbçi və polis cəlb olunub. Nepal ordusunun mətbuat katibi Raca Ram Basnetin sözlərinə görə, onlar 20-si xarici vətəndaş olmaqla, 125 nəfəri xilas ediblər. O bildirib ki, ən çox zərər çəkmiş ərazilərə helikopterlərlə çadırlar, ərzaq və digər zəruri əşyalar atılıb.
Çinin Nepaldakı səfiri “X” platformasında qeyd edib ki, ölkə Nepala təcili yardım və maliyyə vəsaitlərinin çatdırılmasını koordinasiya edir.
Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen “X” platformasında bildirib ki, Avropa İttifaqı əlavə yardımlar səfərbər etməyə hazırdır.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası daşqının nəticələrinin aradan qaldırılması istiqamətində Nepal Qızıl Xaç Cəmiyyətinin fəaliyyətinə dəstək göstərmək üçün 1,24 milyon dollar məbləğində təcili yardım ayırır.
“ABŞ təbii fəlakətlərə cavab tədbirləri üzrə məsləhətçi göndərir və 500 min dollar ayırır”, - deyə Dövlət Departamenti bildirib.
Ümumdünya Səhiyyə Təşkilatı təcili yardım göstərilməsi üçün dərman preparatları və çoxməqsədli çadırlar da daxil olmaqla, zəruri tibbi ləvazimatlar göndərib.
Çərşənbə günü səhər Nepalda baş vermiş dağıdıcı daşqına səbəb olan qar və daş uçqunu 1 kilometrdən çox hündürlükdən vadiyə düşüb. “The New York Times” qəzeti geoloqların ilkin təhlilinə istinadən bu barədə yazıb.
Müşahidə kameralarının sosial şəbəkələrdə yayılan görüntülərində nəhəng su axınının tikililəri, yaşayış evlərini və körpüləri dağıtdığı, fəlakətdən qaçan insanları yaxaladığı əks olunub.