Fransada minlərlə uşaq yaşayış yeri problemi ilə üzləşib. “UNICEF France”nin və Həmrəylik Aktorları Federasiyasının açıqladığı hesabata görə, azı 2355 uşağın valideynləri “115”” təcili yardım nömrəsinə müraciət etsə də, onlar övladlarını yerləşdiriləcək yer tapa bilməyiblər.
NUHÇIXAN xəbər verir ki, onların arasında 3 yaşadək 514 uşaq, o cümlədən 1 yaşına çatmamış 173 körpə var. Belə uşaqların sayı 2025-ci illə müqayisədə 9, 2022-ci illə müqayisədə isə 42 faiz artıb. Halbuki həmin il hökumət “küçədə sıfır uşaq” məqsədini elan etmişdi.
Aidiyyəti təşkilatlardan bildirilib ki, real göstəricilər daha yüksək ola bilər. Çünki “115”ə zəng edə bilməyən və ya müraciətdən imtina edən ailələr, müşayiətsiz yetkinlik yaşına çatmayanlar, eləcə də düşərgələrdə yaşayan insanlar hesabata daxil edilməyiblər.
“UNICEF France” və Həmrəylik Aktorları Federasiyası uşaqların evsizlik vəziyyətinin onların fiziki və psixi sağlamlığına, təhsilinə, sosial həyatına və zorakılığa məruz qalma riskinə ciddi təsir göstərə biləcəyinə diqqət çəkib.
2027-ci il prezident seçkiləri ərəfəsində təşkilatlar siyasi partiyaları müvafiq məsələni prioritetə çevirməyə çağırıb. Onlar 10 min əlavə yaşayış yeri, o cümlədən hamilə qadınlar və doğum evindən yeni çıxan analar üçün 2500 yerin yaradılmasını tələb edirlər. Həmçinin sosial mənzil tikintisinin sürətləndirilməsini və 2026-cı il üçün əlavə büdcənin qəbul edilərək, mövcud 203 min yerləşdirmə yerinin qorunmasını istəyirlər.
