Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlalov Qara dənizdə Türkiyə gəmilərinə hücumla əlaqədar avqustun 29-da bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
NUHÇIXAN Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrə istinadla xəbər verir ki, avqustun 26-da və 27-də baş verən hadisələr rəsmi Ankaranın narazılığına səbəb olub. Avqustun 26-da Tuapse sahillərində “Lider Bordo Mavi” yük bərəsinə hücum edilib, ertəsi gün isə zərərçəkmiş gəmiyə yedək vermək üçün göndərilən “Lider Kocatepe” gəmisinə zərbə endirilib.
Səfirlə görüş zamanı hücumlarla bağlı Türkiyənin mövqeyi çatdırılıb, Qara dəniz akvatoriyasında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin qorunması ilə bağlı öhdəliklərin yerinə yetirilməsinin zəruriliyi barədə xəbərdarlıq edilib.
