Britaniyada vaxtından əvvəl azad edilən məhbuslar qısa müddətdə yenidən həbsxanaya qayıdırlar

A- A A+

Böyük Britaniyada həbsxanalardakı sıxlığı azaltmaq məqsədilə vaxtından əvvəl azadlığa buraxılan məhbusların əhəmiyyətli hissəsinin yenidən cinayət törətməsi və ya azadlığa buraxılma şərtlərini pozması səbəbindən həbsxanalara qayıtdığı bildirilir.

NUHÇIXAN xəbər verir ki, BBC-yə danışan həbsxana rəhbərləri 2024-cü ildə tətbiq edilən vaxtından əvvəl azadetmə proqramı çərçivəsində sərbəst buraxılan məhbusların bir çoxunun yenidən həbsxanalara gətirildiyini deyiblər. İngiltərənin Midlands bölgəsindəki həbsxanalardan birinin rəhbəri məhbusların davamlı şəkildə azad edilib yenidən həbsxanaya qayıtmasının sistemə ciddi təzyiq yaratdığını bildirib. Məsələ hökumətin oktyabrda qüvvəyə minəcək növbəti vaxtından əvvəl azadetmə proqramına dəyişikliklərin elan olunduğu vaxta təsadüf edir. Baş nazir Endi Börnhem polis əməkdaşı Endryu Harperin ölümünə görə məhkum edilmiş şəxslərin də proqram çərçivəsində azadlığa çıxa biləcəyi ilə bağlı yaranmış etirazlardan sonra qaydalara yenidən baxıldığını açıqlayıb.

Baş nazir bildirib ki, qanunsuz olaraq insan ölümünə səbəbiyyətə görə məhkum edilən şəxslər yeni proqramdan kənarlaşdırılacaq. Onun sözlərinə görə, bu dəyişiklik nəticəsində yüzlərlə məhbus həbsxanada qalmağa davam edəcək.

Bu isə İngiltərə və Uelsdə həbsxanaların tutumunun 97 faizdən çoxunun dolduğu və sistemin ciddi yer çatışmazlığı ilə üzləşdiyi bir dövrdə əlavə təzyiq yarada bilər. Hökumət həbsxanalarda əlavə yerlər yaratmaq üçün əcnəbi məhbusların deportasiyası və müddətsiz cəza çəkən bəzi şəxslərin azad edilməsi də daxil olmaqla bir sıra tədbirlər planlaşdırır. Lakin idda olunur ki, bu addımlar oktyabrda yeni proqram üzrə ilk məhbuslar azad edilənədək həbsxanalarda əhəmiyyətli sayda əlavə yer yaratmayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: