İsrail və Yunanıstan təxminən 3 milyard avro dəyərində saziş imzalayıb.
NUHÇIXAN "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, "Axilles qalxanı" adlanan saziş çərçivəsində Yunanıstana "Rafael" şirkətinin istehsalı olan "David's Sling" və "SPYDER", həmçinin "Israel Aerospace Industries" istehsalı olan "BARAK MX" da daxil olmaqla bir neçə İsrail sistemi tədarük ediləcək.
İsrail Müdafiə Nazirliyində bu sövdələşməni İsrail-Yunanıstan münasibətləri tarixində müdafiə məhsullarının ixracı üzrə ən böyük saziş və İsrail tarixində bu cür ən böyük sövdələşmələrdən biri adlandırıblar.
Saziş İsrail Müdafiə Nazirliyinin Təl-Əvivdəki mənzil-qərargahında qurumun baş direktoru Amir Baram və onun yunanıstanlı həmkarı İoannis Buras tərəfindən imzalanıb.
"Saziş çərçivəsində İsrail Yunanıstan üçün tamamilə İsrail istehsalı olan sistemlərə və müharibə zamanı onun müdafiə qurumunun əldə etdiyi geniş əməliyyat təcrübəsinə əsaslanan çoxsəviyyəli hava hücumundan müdafiə sistemi quracaq", - bəyanatda bildirilir.
Qeyd olunur ki, bu, İsrailin başqa bir ölkəyə ballistik raketlər və pilotsuz uçuş aparatları da daxil olmaqla, geniş spektrli təhdidlərə qarşı tam müdafiə vasitələri tədarük edəcəyi ilk haldır.
Bununla yanaşı, tərəflər Yunanıstana "Rafael" istehsalı olan "Drone Dome" sistemlərinin satışı barədə 26 milyon avroluq əlavə saziş imzalayıblar.
İsrail həmçinin Yunanıstanla müdafiə sənayesi sahəsində əməkdaşlığı da genişləndirmək niyyətindədir.
