Sentyabrın 1-dən etibarən Gürcüstanın Daxili İşlər Nazirliyinin səlahiyyətli bölmələri yol hərəkəti zamanı nəqliyyat vasitələrinin yaratdığı səs-küy səviyyəsini, qanunsuz olaraq quraşdırılmış xüsusi səsgücləndiriciləri xüsusi cihazlarla yoxlamağa başlayıb. Müəyyən edilmiş normadan artıq səs-küy yaradan avtomobillərin sürücüləri 100 laridən 300 lariyədək cərimələnə, həmçinin onların sürücülük vəsiqəsi üzrə balları azaldıla bilər.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, səs-küy testi beynəlxalq ISO 5130:2019 standartına uyğun olaraq keçiriləcək. Ölçmələr üçün müvafiq qurum tərəfindən satın alınmış portativ səs-küy səviyyəsini ölçən xüsusi cihazlardan istifadə olunacaq.
Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş normadan artıq səs-küy yaradan nəqliyyat vasitəsini idarə edən sürücü ilk dəfə 100 lari cərimələnəcək və sürücülük vəsiqəsi üzrə 10 balı silinəcək. Bu hal təkrar olunduqda sürücü 200 lari cərimə olunacaq və onun sürücülük vəsiqəsi üzrə 20 balı azaldılacaq. Üçüncü və sonrakı hər bir dəfə pozulmasına görə isə 300 lari cərimə və sürücülük vəsiqəsi üzrə 30 balın silinməsi nəzərdə tutulur.
