NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, 2016-cı ildə polis işgəncəsinə məruz qalan bir qrup media nümayəndəsi özbaşınalıqların 3 illiyi ilə əlaqədar yenidən baş prokurorluq qarşısında vəsatət qaldırıblar.
Aradan 3 il keçməsinə baxmayaraq, onların hüquqları müdafiə olunmayıb. Bu səbəbdən jurnalistlər məhkəmə-hüquq sisteminin fəaliyyətindən narazılıq edirlər. Bir qrup media nümayəndəsi polislər tərəfindən işgəncəyə məruz qaldıqları özbaşınalıqların 3 illiyi ilə əlaqədar yenidən baş prokurluq qarşısında vəsatət qaldırıblar. Onlara bildirilib ki, həmin hadisələrdə yalnız 6 polis əməkdaşı barəsində xüsusi istintaq komitəsində cinayət işi açılıb. Sonradan isə işə xitam verilib. Ermənistan jurnalistləri birliyinin sədri Aşot Melikyanın sözlərinə görə, bunlar ölkədə çox adi haldır. Jurnalistlər döyülür, təhqir olunur amma cəzalanan yoxdur. Ona görə də media nümayəndələri məsələnin araşdırılması ilə bağlı yenidən baş prokurorluğa müraciət ediblər. Jurnalist Təhminə Enokyan da may iğtişaşları zamanı xəsarət aldığını deyir. Sitat; “Peşəmizlə əlaqədar həmin qarşıdurmaları işıqlandırmaq üçün biz də hadisə yerində idik. Təfərrüatlar bu gün kimi yadımdadır. Polislər havaya atəş açdıqdan sonra su çiləyici maşınlar dinc əhalinin üzərinə yeridildi. Qəflətən bir qrup mülkü formada polis əllərindəki rezin dəyənəklərlə bizi döydülər. Mənim kimi 40 nəfərə yaxın xəsarət alan var idi. Həmin vaxt xüsusi istintaq komitəsinin müstəntiqləri bizdən gəlib xəstəxanada izahat aldılar. Onlarında hamısı öz izahatlarında bunları bildirib. Bir ilə yaxın davam edən istintaq araşdırmalarının sonu olmadı. Hətta bu gün həmin polislərin bir qismi yüksək vəzifələrə təyinat alıblar”. Sitatın sonu... Media nümayəndələri baş nazir Paşinyandan və baş prokuror Artur Davtyandan da həmin hadisələrin günahkarlarının həbsini tələb edirlər. Əks təqdirdə, etiraz olaraq daha qətiyyətli addımlar atmağı qərarlaşdırıblar.