İslandiyada Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarının bərpasına dair referendumun nəticəsi Avropanın genişlənmə siyasətindəki ziddiyyətləri üzə çıxarıb.
NUHÇIXAN xəbər verir ki, ötən həftə bu ölkədə keçirilmiş səsvermədə seçicilərin 52,8 faizi danışıqların yenidən başlanmasına qarşı çıxıb, 47,2 faizi isə bunu dəstəkləyib. Bu, Aİ-yə üzvlük üzrə referendum deyil, yalnız uzun müddət əvvəl dayandırılmış danışıqların bərpası məsələsi olub.
Nəticə Aİ-nin Monteneqro, Albaniya, Ukrayna və Moldova ilə bağlı genişlənmə gündəmini də diqqət mərkəzinə gətirib. “Brussels News” nəşrindəki dərc olunan məqalədə vurğulanır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropanın dəyişən təhlükəsizlik mühiti Aİ-nin genişlənməsinə geosiyasi əhəmiyyəti artırsa da, bu arqument ictimai dəstəyi avtomatik təmin etmir.
İslandiyada əsas müzakirələr balıqçılıq, kənd təsərrüfatı, suverenlik və milli nəzarət məsələləri ətrafında gedib. Ölkə Aİ üzvü olmasa da, Avropa İqtisadi Zonasına və Şengen məkanına daxildir. Müəllif hesab edir ki, Aİ genişlənməni yalnız texniki proses kimi deyil, ictimai legitimlik tələb edən siyasi layihə kimi təqdim etməlidir.
