Böyük Britaniyanın Baş naziri Endi Börnhem ölkədə son onillikdə müşahidə olunan zəif iqtisadi artımın səbəblərindən biri kimi “Brexit”i göstərib.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Baş nazir vəzifəsinə gəldikdən sonra parlament üzvləri qarşısında ilk çıxışını edən E.Börnhem Böyük Britaniyanın 1980-ci illərdən etibarən bir sıra yanlış istiqamətlər seçdiyini bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində siyasi hakimiyyət mərkəzləşdirilib, iqtisadi güc özəlləşdirilib, ölkədə sənayesizləşmə prosesi gedib. Daha sonra həyata keçirilən sərt qənaət siyasəti yerli idarəetmə orqanlarını zəiflədib və onların mövcud vəziyyəti dəyişmək imkanlarını məhdudlaşdırıb.
“Brexit” isə zərəri daha da ağırlaşdıraraq aşağı iqtisadi artımın və dayanmış yenidənqurma prosesinin hökm sürdüyü onilliyə yol açdı. Dəyişiklik dürüstlükdən başlayır”, - deyə Baş nazir vurğulayıb.
E.Börnhem bildirib ki, hökumət iqtisadiyyat və yaşayış xərclərini ölkənin üzləşdiyi ən mühüm problemlər hesab edir. O qeyd edib ki, Böyük Britaniya hazırda arzuolunan vəziyyətdə deyil və bir sıra sahələr lazımi şəkildə fəaliyyət göstərmir. Baş nazir hökumətin ilk addımları sırasında elektrik enerjisi ödənişlərinə tətbiq olunan əlavə dəyər vergisinin azaldılmasını, pab, klub və musiqi məkanları üçün biznes vergilərinin aşağı salınmasını, eləcə də avtobus gedişhaqlarına yuxarı hədd müəyyən edilməsini göstərib. Onun sözlərinə görə, bu tədbirlər əhaliyə müəyyən qədər maliyyə yükünü azaltmağa kömək etsə də, uzunmüddətli perspektivdə daha genişmiqyaslı dəyişikliklərə ehtiyac var.
E.Börnhem, həmçinin səlahiyyətlərin mərkəzi hökumətdən yerli idarəetmə orqanlarına ötürülməsi prosesini genişləndirmək niyyətində olduğunu açıqlayıb. Baş nazir əsas xidmətlər üzərində dövlət nəzarətinin gücləndiriləcəyini də vəd edib.
