Fransada dövlət təhsili sahəsində fəaliyyət göstərən müəllim və təhsil işçiləri həmkarlar ittifaqı “SE-Unsa” təhsil sisteminin dəstəklənməsi üçün son illərdə kifayət qədər tədbir görülmədiyini bildirərək, 2026-cı tədris ili ilə bağlı ciddi narahatlığını ifadə edib.
NUHÇIXAN xəbər verir ki, “SE-Unsa”nın baş katibi Elizabet Allən-Moreno “France Culture” radiosuna açıqlamasında qarşıdakı tədris ilinin çox qaranlıq ola biləcəyini deyib.
Onun sözlərinə görə, müəllimlər hələ də peşələrini sevirlər, lakin onların gələcəklə bağlı ümidləri “Günəş altında qar kimi əriyib”.
“SE-Unsa”nın son sorğusuna əsasən, müəllimlərin yalnız 0,3 faizi təhsil sisteminin gələcəyinə güvənir. Ötən il bu göstərici 9 faiz olub.
İttifaq maaşların kifayət qədər artırılmamasını, müəllimlərin peşəni tərk etməsini və təhsil sahəsində resursların azaldılmasını əsas problemlər kimi göstərir. Sorğuya görə, maaş məsələsi artıq müəllimlərin əsas narahatlığına çevrilib və iş şəraitini də geridə qoyub.
Bu il Fransada 11,6 milyon şagird yeni tədris ilinə başlayır. Bununla yanaşı, “FSU-SNUipp” həmkarlar ittifaqı ibtidai təhsil pilləsində 2026-cı tədris ili üçün 3742 sinfin bağlanacağını proqnozlaşdırmışdı. Senat isə 2026-cı il büdcəsində 4000 müəllim vəzifəsinin ləğvini təsdiqləyib.
