“Saudel” tropik qasırğası küləyin maksimal sürəti saniyədə 23 metr olmaqla yenidən Çinin cənub-şərq sahillərinə çatıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Təbii fəlakət Çinin cənub-şərqindəki Fuczyan əyalətinin Çjançjou şəhər dairəsi ərazisində quruya çıxıb. Güclü küləklə yanaşı, bölgədə leysan yağışları müşahidə olunur. Çjanpu, Çjaoan və Dunşan rayonlarında iş, istehsalat fəaliyyəti və tədris prosesi dayandırılıb.
Qeyd edək ki, “Saudel” avqustun 28-də Çinin Çjetszyan əyalətinə çatmışdı. Həmin vaxt qasırğanın quruya çıxarkən maksimal külək sürəti saniyədə 35 metr olub. Daha sonra tayfun materikin qərb istiqamətində irəliləyərək cənuba – Haynan adasına doğru hərəkət edib, ardınca şərqə, Tayvan istiqamətinə yönəlib. Bundan sonra qasırğa yenidən Çinin cənub-şərq sahillərinə qayıdıb.
Çinin bəzi bölgələrində yay və payızın əvvəllərində yağıntılar intensiv xarakter daşıyır. Tayfunlar, daşqınlar və torpaq sürüşmələri ölkəyə ciddi maddi ziyan vurur və insan tələfatına səbəb olur.
