Süni intellektə yatırımlar ucuz smartfon dövrünü sona çatdırır

A- A A+

Süni intellekt texnologiyalarına qlobal investisiyaların artması yaddaş çiplərinə tələbatı yüksəldərək smartfonların qiymətinin bahalaşmasına səbəb olur.

NUHÇIXAN xəbər verir ki, “Microsoft”, “Amazon”, “Google” və “Meta” kimi texnologiya nəhənglərinin məlumat mərkəzləri üçün böyük həcmdə yaddaş çipləri alması ənənəvi DRAM və NAND çiplərinin təchizatında qıtlıq yaradıb. “Samsung”, “SK Hynix” və “Micron” kimi istehsalçılar isə güclərini süni intellekt sistemlərində istifadə olunan yüksək performanslı yaddaşlara yönəldirlər.

İnformasiya texnologiyalarının təhlili ilə məşğul olan “IDC” şirkətinin proqnozuna görə, 2026-cı ildə dünyada smartfonların orta satış qiyməti 27,6 faiz artaraq 581 dollara çatacaq. Eyni zamanda, qlobal smartfon tədarükünün 16,7 faiz azalaraq 1 milyarddan bir qədər çox olacağı gözlənilir.

Ən böyük zərbənin 100 dollardan ucuz smartfon seqmentinə dəyəcəyi bildirilir. “IDC” artan yaddaş xərclərinin bu kateqoriyanı faktiki olaraq sıradan çıxardığını qeyd edir. “Omdia”nın təhlilinə görə isə 400 dollardan ucuz telefonlarda yaddaş xərcləri cihazın ümumi komponent dəyərinin təxminən 60 faizinə çata bilər.

Analitiklər yaddaş çiplərinin qiymətindəki artımın yaxın müddətdə səngiməyəcəyini və problemin ən azı iki il davam edə biləcəyini proqnozlaşdırırlar. Bu vəziyyətin istehlakçıları telefonlardan daha uzun müddət istifadə etməyə, ikinci əl və yenilənmiş cihazlara üstünlük verməyə və ya yeni telefon alışı üçün daha çox vəsait ayırmağa vadar edəcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: