Bəşər hələ də iqlim dəyişikliyinin fəsadlarından qaça bilər, lakin bunun üçün istixana qazı emissiyalarını dərhal azaltmaq və uyğunlaşma tədbirlərini gücləndirmək lazımdır. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Ətraf Mühit Proqramının (UNEP) yeni hesabatında bildirilir.
NUHÇIXAN BMT-nin Xəbərlər Xidmətinə istinadla xəbər verir ki, hesabatda rekord istilik dalğalarının, dağıdıcı daşqınların və digər ekstremal hava hadisələrinin planetin sürətlə istiləşdiyini göstərdiyi qeyd olunur. BMT-nin Baş katibi Antonio Quterreşin sözlərinə görə, yaxın illərdə temperaturun Paris Sazişi ilə müəyyən edilmiş 1,5 dərəcə isti həddini keçəcəyi ehtimal olunur.
UNEP-in rəhbəri İnger Andersen emissiyaların azaldılması, dayanıqlılığın artırılması və iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşma istiqamətində səylərin ikiqat artırılmasının zəruriliyini vurğulayıb. BMT hesab edir ki, uzunmüddətli nəticələri insanlar və ekosistemlər üçün məhdudlaşdırmaq məqsədilə 1,5 dərəcə həddinin aşılması belə, mümkün qədər az və qısamüddətli olmalıdır.
Hesabata görə, bunun üçün fosil yanacaqlardan istifadədən imtinanı sürətləndirmək, bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirmək, metan emissiyalarını azaltmaq, həmçinin meşələri, torpaqları və okeanları qorumaq lazımdır. Hökumətlərə milli iqlim planlarını həyata keçirmək və gücləndirmək, inkişaf etmiş ölkələrə isə ən həssas dövlətlər üçün uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsini artırmaq tövsiyə olunur.
Hesabatın müəllifləri xəbərdarlıq edirlər ki, temperaturun hər dəfə yüksəlməsi ilə ekstremal hava hadisələri, sağlamlığa, ərzaq və su təhlükəsizliyinə, infrastruktura və iqtisadiyyata dəyən zərər riskləri artacaq. Bununla yanaşı, iri buz örtüklərinin sabitliyinin pozulması və Amazon meşələrinin deqradasiyası da daxil olmaqla, iqlimdə geridönməz “dönüş nöqtələrinə” çatmaq ehtimalı artmaqda davam edir.
