Nyu-York məktəblərində şagirdlərin süni intellektdən istifadə etmələrinə qadağa qoyulur

A- A A+

Nyu-Yorkda dövlət məktəblərinin səkkizinci sinfinədək şagirdlərin süni intellektdən istifadəsinə qadağa qoyulacaq. Qadağanın tətbiqi ilə bağlı elan bu gün veriləcək, yeni qərar isə gələn həftə qüvvəyə minəcək. Bu barədə NUHÇIXAN xarici mediaya istinadla xəbər verir.

Bu dəyişiklik ABŞ-nin hər il təxminən 900 min şagirdin təhsil aldığı ən böyük məktəbində texnologiyalardan istifadə ilə bağlı aparılan köklü islahatın bir hissəsidir. Siyasətdə daha bir dəyişiklik ondan ibarətdir ki, üçüncü sinfədək, yəni doqquz və ya on yaşadək şagirdlərə siniflərdə notbuk və ya planşetlərdən istifadə etmək qadağan olunacaq. Şəhərdəki dövlət məktəblərində texnologiyadan istifadə siyasəti ABŞ-nin digər ştatlarının da diqqət mərkəzindədir.

Müəllim və valideynlərə məktəblərdə süni intellektə əsaslanan tədris proqramlarından istifadə ilə bağlı xəbərdarlıq edilib. Buna səbəb həmin proqramların uşaqların psixi sağlamlığına və idrak inkişafına zərər vura biləcəyi, xüsusilə də məntiqi düşünmə funksiyasının proqram təminatına ötürülməsi ilə bağlı narahatlıqlardır.

Süni intellektdən istifadəyə yalnız doqquzuncu sinifdən başlayan yuxarı siniflərdə icazə veriləcək. Hətta bu halda texnologiyanın özünü öyrənmək kimi konkret hədəflərlə istifadəyə məhdudiyyət qoyulacaq.

Psixoloji dəstək göstərən süni intellektəsaslı “çat-bot köməkçilər” də qadağan ediləcək. Yeni qaydalar müəllimlərə dərslərin hazırlanması və ya mesajların yazılması kimi vəzifələr üçün süni intellektdən istifadəyə icazə verir, lakin tapşırıqları qiymətləndirməyi süni intellektdən xahiş etməyi qadağan edir.

Şəhərin Təhsil departamenti orta məktəb şagirdləri (6–8-ci siniflər) üçün dərslər zamanı ekran qarşısında keçirilən vaxtın 45 dəqiqə, ibtidai sinif şagirdləri üçün isə 30 dəqiqə ilə məhdudlaşdırılmasını tövsiyə edir. Lakin süni intellektdən istifadəyə necə nəzarət ediləcəyi məsələsi açıq qalır, çünki bu, çox vaxt məktəb mühitindən kənarda baş verir.

Yeni qaydalar mart ayında dərc olunmuş ilkin konsepsiya əsasında hazırlanıb. Həmin konsepsiyada süni intellektdən istifadəyə icazə verilən və verilməyən vəzifələri müəyyənləşdirmək üçün “işıqfor” sistemindən istifadə olunurdu. 2023-cü ildə məktəb sistemi şagirdlərə “ChatGPT”dən istifadə etməyi qadağan etmişdi, lakin bir ildən də az müddət sonra bu qadağa ləğv olundu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: