Cari ilin birinci yarısında Avropada quraşdırılmış külək enerjisi gücü 311 giqavatı ötüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə “WindEurope” təşkilatının hesabatında deyilir.
Bildirilir ki, bu göstəricinin 270,5 giqavatı qurudakı külək turbinləri, 40,9 giqavatı isə dənizdəki turbinlərdən əldə edilib. Avropa İttifaqı üzrə ümumi külək enerjisi gücü isə 251 giqavatı keçib. Bunun 228,4 giqavatı qurudakı stansiyaların, 23,2 giqavatı isə dənizdəki stansiyaların payına düşüb.
Hesabat dövründə Avropada 8,8 giqavat yeni külək enerjisi gücü quraşdırılıb. Bunun da 7 giqavatı Avropa İttifaqına (Aİ) üzv 27 dövlətin payına düşüb. Qurudakı külək elektrik stansiyaları 8,8 giqavatlıq yeni gücün 74 faizini təşkil edib. Yarım ildə ən çox külək turbini quraşdırılan Avropa ölkəsi Almaniya olub (3,4 giqavat). Sonrakı yerlərdə Böyük Britaniya (789 meqavat) və İspaniya (612 meqavat) qərarlaşıb.
İlin birinci yarısında Avropada yeni külək elektrik stansiyaları üçün təxminən 9 milyard avro dəyərində yekun investisiya qərarları qəbul edilib. İnvestisiyalar əsasən qurudakı külək layihələrində cəmləşib. Bu sahədə 4,5 giqavat gücün maliyyələşdirilməsi üçün 7 milyard avroluq investisiya qərarları qəbul olunub. Dənizdə təkcə 630 meqavatlıq “Nordlicht II” layihəsi üçün yekun investisiya qərarı verilib və bu layihə ilə bağlı 1,9 milyard avro öhdəlik götürülüb.
Hesabatda qeyd olunur ki, yarım ildə Avropada 10,6 giqavatlıq yeni külək turbinləri sifarişi verilib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz azdır. Sifarişlərin 7,8 giqavatlıq hissəsi qurudakı turbinlər, 2,8 giqavatı isə dənizdəki turbinlər üçün edilib.
İlin birinci yarısında Avropada keçirilən tenderlərdə 17,2 giqavat yeni külək enerjisi gücü ayrılıb. Bu gücün 8,8 giqavatı qurudakı külək layihələri, 8,4 giqavatı isə dənizdəki layihələrin payına düşüb. Bəzi Avropa ölkələri ilin ikinci yarısında 24 giqavatdan çox yeni külək enerjisi gücü üçün tender keçirməyi planlaşdırır.
2026-2030-cu illər arasında Aİ-də orta hesabla illik 22 giqavat yeni külək enerjisi gücü quraşdırılması gözlənilir.
