Fransada “Volotea” aviaşirkəti pilotlarının üçgünlük tətili minlərlə sərnişinin səfər planını poza bilər. Maaş və iş şəraiti ilə bağlı narazılıqlar səbəbindən elan olunan tətil fonunda aviaşirkət gecikmə və uçuşların ləğvi barədə xəbərdarlıq edib.
NUHÇIXAN xəbər verir ki, “Volotea” pilotları 4, 5 və 6 sentyabrda Fransada tətilə çağırılıb. SNPL, UNAC və SPL həmkarlar ittifaqları əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə bu aksiyanı dəstəkləyir.
SNPL rəhbərliklə aparılan danışıqların pilotların əsas tələblərini təmin etmədiyini bildirir. Həmkarlar ittifaqının nümayəndəsi Patrik Marsinyakın sözlərinə görə, Fransada “Volotea”nın təxminən 200 pilotunun 80 faizi tətil xəbərdarlığının verilməsini tələb edib.
Pilotlar xüsusilə maaşların son illərdə demək olar ki, dəyişməməsindən narazıdır. SNPL onların ağır iş yükünün və göstərdikləri səylərin kifayət qədər qiymətləndirilmədiyini düşünür.
Tətil artıq sərnişinlər üçün də narahatlıq yaradıb. “Volotea” bəzi uçuşların gecikə və ya tamamilə ləğv edilə biləcəyini açıqlayıb.
Aviaşirkət ləğv edilmiş uçuşu olan sərnişinlərə hava limanına getməməyi tövsiyə edir.
