Avqust ayında İraqın neft ixracı ABŞ-İran müharibəsinin başlamasından bəri ən yüksək səviyyəyə çataraq sutkada təxminən 2,2 milyon barel təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İraqın Dövlət Neft Marketinq Şirkətinin (SOMO) baş direktoru Əli Nizar əl-Şatri yerli telekanala müsahibəsində bildirib.
Onun sözlərinə görə, ötən ay ərzində ölkədən təxminən 73 milyon barel neft ixrac olunub. İxracdan əldə ediləcək gəlirin təxminən 4,5 milyard dollar olacağı gözlənilir. Bildirilib ki, bu göstərici İran ətrafında müharibənin başlanmasından sonra İraqın neft ixracında gəldiyi ən yüksək səviyyədir.
SOMO-nun baş direktoru qeyd edib ki, sentyabrın ilk iki günündə də ölkədən 10 milyon barel neft ixrac olunub.
İraq neftinin ixracı əsasən ölkənin cənubundakı dəniz terminalı və şimal istiqamətində Türkiyənin Ceyhan limanı vasitəsilə həyata keçirilir.
