Çinin Fucien əyalətində “Saudel” qasırğasının gətirdiyi leysan yağışlarının yaratdığı fəsadlar səbəbindən sahilboyu yaşayış məntəqələrindən və riskli ərazilərdən 600 min sakin təxliyə edilib.
NUHÇIXAN əyalətin daşqın nəzarəti və quraqlıqla mübarizə qərargahının məlumatına istinadla xəbər verir ki, qasırğa ilə əlaqədar 4-cü fövqəladə hazırlıq səviyyəsi qüvvədə saxlanılıb, bundan başqa daşqınlara nəzarət üzrə 3-cü səviyyəli fövqəladə hazırlıq xəbərdarlığı aktivləşdirilib. İlin 18-ci tayfunu olan “Saudel” sentyabrın 4-də üçüncü dəfə Fucien əyalətinin Cancou şəhərinə yaxınlaşıb və güclü külək, leysan gətirib.
Təbii fəlakətdən daha çox zərər çəkmiş ərazilərdə təcili xilasetmə, fəlakətlərin nəticələrinin aradan qaldırılması və bərpa işləri üçün təcili olaraq 210 milyon yuan (təxminən 31 milyon ABŞ dolları) ayrılıb.
Tayfun qonşu Ciansi əyalətinin 53 rayonunda 123 minə yaxın sakinə də təsir göstərib, 8700 nəfərin təcili təxliyəsinə səbəb olub. Əyalətdə baş verən sürüşmə nəticəsində bir nəfər ölüb, 11 nəfər dağıntı və axın altında qalıb.
