Media: Aİ-nin Avropanın müdafiə siyasətinin gücləndirilməsi təşəbbüsü Almaniya və İtaliyanın etirazı ilə dayandırılıb
Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Avropanın müdafiə siyasətinin gücləndirilməsi məqsədilə ekspert qrupu yaratmaq təşəbbüsü bəzi üzv dövlətlərin, o cümlədən Almaniya və İtaliyanın etirazı nəticəsində son anda dayandırılıb.
NUHÇIXAN “Spiegel” nəşrinə istinadla xəbər verir ki, bəzi ölkələr təşəbbüsün hazırkı mərhələdə doğru addım olmadığını bildiriblər. Nazirlərlə aparılan məsləhətləşmələrdən sonra layihənin davam etdirilməməsi qərara alınıb.
Ekspert qrupunun Avropanın hərbi imkanlarındakı boşluqların daha sürətli və effektiv aradan qaldırılması ilə bağlı təkliflər hazırlaması və konkret tövsiyələrdən ibarət hesabat təqdim etməsi planlaşdırılırdı. Qrupa Aİ ölkələri ilə yanaşı, Böyük Britaniya və Ukraynadan yüksək səviyyəli siyasi və hərbi nümayəndələrin daxil edilməsi nəzərdə tutulurdu.
Almaniya hökumətinin təşəbbüsə niyə qarşı çıxdığı rəsmi açıqlanmayıb. Berlinin müdafiə məsələlərində NATO-nun planlaşdırma proseslərinə üstünlük verməsi mümkün səbəblərdən biri kimi göstərilir.
Bununla belə, Aİ-nin xarici siyasət xidməti Avropanın müdafiə sahəsində daha sürətli irəliləməli olduğu mövqeyində qalır və üzv dövlətlərlə əməkdaşlığın yeni yollarını araşdıracağını açıqlayıb.
