“Jaguar Land Rover” (JLR) Çin avtomobil istehsalçılarının artan rəqabəti, Amerika Birləşmiş Ştatları (ABŞ) tarifləri və elektromobillərə keçidlə bağlı çətinliklər fonunda 4 min iş yerini ixtisar etməyi planlaşdırır.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, ixtisarların qarşıdakı 2 il ərzində həyata keçirilməsi və əsasən şirkətin Böyük Britaniyada yerləşən baş ofisinin əməkdaşlarını əhatə etməsi nəzərdə tutulur. Dünyada təxminən 43 min əməkdaşı olan şirkət ixtisarlar vasitəsilə növbəti 2 ildə 1,7 milyard funt sterlinq qənaət etməyi hədəfləyir.
JLR, ilk növbədə, işçilərin könüllü şəkildə işdən ayrılması yolu ilə ixtisarları həyata keçirməyə çalışacaq. Bunun üçün müraciət müddəti oktyabrın 4-dək açıq olacaq. Şirkətdən bildirilib ki, zərurət yaranarsa, məcburi ixtisarlara da gedilə bilər. Avtomobil istehsalçısının vəziyyətinə Çin şirkətləri ilə rəqabətin güclənməsi ilə yanaşı, ABŞ Prezidenti Donald Trampın tətbiq etdiyi tariflər də təsir göstərib. JLR-in bir sıra rəqiblərindən fərqli olaraq ABŞ-də istehsal müəssisəsi yoxdur.
Şirkətin uzunmüddətli problemləri ötən il baş verən kiberhücumdan sonra daha da dərinləşib. Həmin hücum JLR-i istehsalı 1 aydan artıq müddətə dayandırmağa məcbur etmişdi.
