Soyqırımı, insanlığa qarşı və müharibə cinayətlərinə görə beynəlxalq məhkəmələr tərəfindən qəti hökm əsasında məhkum edilən Ratko Mladiçin dəfn mərasiminin törədilən ağır cinayətlərin və yaşanan insani iztirabların inkarına xidmət edəcək şəkildə istifadə edilməsi qəbuledilməzdir.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Öncü Keçeli bildirib.
O deyib ki, sözügedən məhkəmə qərarlarının rədd edilməsi və ya məhkum olunan şəxslərin qəhrəmanlaşdırılmasına cəhd göstərilməsi qurbanların və onların yaxınlarının ağrılarını dərinləşdirir, eyni zamanda, bölgədə sülh naminə illərdir qətiyyətlə davam etdirilən səylərə zərər vurur.
“Balkanların ehtiyacı keçmişdən lazımi dərslərin çıxarılması və dinc, firavan, ortaq gələcəyin birlikdə qurulmasıdır. İlk növbədə Srebrenitsa soyqırımı qurbanları olmaqla, Bosniya müharibəsi zamanı həyatını itirən bütün günahsız insanları bir daha hörmətlə yad edir, onların yaxınlarının kədərlərini bölüşürük”, - deyə Keçeli vurğulayıb.
Qeyd edək ki, sentyabrın 7-də Belqradda BMT-nin Haaqadakı Beynəlxalq Cinayət Tribunalları üzrə Qalıq Mexanizmi tərəfindən 2017-ci ildə ömürlük həbs cəzasına məhkum olunan Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin dəfn mərasimi keçirilib. Mərasimlə bağlı əsas mübahisə dəfnin özündən çox məhkum edilən müharibə cinayətkarına hərbi təntənə ilə ehtiram göstərilməsi ilə bağlı olub. Srebrenitsa və Sarayevo qurbanlarının ağrılarını yenidən gündəmə gətirilməsi kimi qiymətləndirilən mərasim Bosniya və Herseqovinada narazılıq yaranıb.
