İrəvan Rusiyadan Avrasiya İqtisadi İttifaqına şikayət edib

A- A A+

İrəvan Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərlə bağlı Avrasiya İqtisadi İttifaqına (Aİİ) şikayətlə müraciət edib.

NUHÇIXAN Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə ölkənin iqtisadiyyat nazirinin müavini Tiqran Qasparyan bildirib.

Onun sözlərinə görə, məsələyə yalnız Ermənistan və Rusiya arasındakı təmaslar çərçivəsində deyil, həm də bu cür ticarət maneələrinin aradan qaldırılması üçün mexanizmlərin mövcud olduğu Aİİ çərçivəsində baxılır.

"Biz şikayət etmişik. Ümid edirik və əminik ki, maneələrin aradan qaldırılması üçün mexanizmlər işləyəcək", - Qasparyan bildirib.

O qeyd edib ki, Ermənistan tərəfinin fikrincə, tətbiq edilən məhdudiyyətlər Aİİ çərçivəsində qüvvədə olan razılaşmalarla və prinsiplərlə uyğun gəlmir.

"Bizim fikrimizcə, bu maneələr Aİİ çərçivəsində əldə olunmuş razılaşmalara və prinsiplərə uyğun deyil. Məhz buna görə də biz Aİİ-nin öz prinsiplərinə uyğun fəaliyyət göstərməsi üçün mübarizə aparırıq", - nazir müavini vurğulayıb.

Qasparyan əlavə edib ki, Ermənistan pozulmuş prinsipləri bərpa etmək üçün Aİİ-nin alətlərindən istifadə edir.

Qeyd edək ki, "Rosselxoznadzor" mayın 22-dən Ermənistandan gül tədarükünə qadağa qoyub, mayın 30-dan respublikadan təzə pomidor, xiyar, bibər, göyərti bitkiləri və çiyələyin idxalına, iyunun 2-dən çəyirdəkli meyvələrin (albalı, gilas, ərik, gavalı, şaftalı, nektarin) və təzə üzümün idxalına, iyunun 3-dən isə Ermənistandan tumlu meyvələrin, badımcan, kartof və quru meyvələrin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib. Bundan əlavə, iyun ayında Rusiya tərəfi Ermənistandan diri balıq və balıq məhsullarının idxalına məhdudiyyətlər tətbiq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: