Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır

A- A A+

Dünya Bankı sentyabrda Orta Dəhlizə həsr olunmuş ikinci hesabatını dərc etməyi planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya sahəsində nəqliyyat və logistika üzrə baş mütəxəssisi Luis Blankas Bakıda keçirilən beşinci "Qara dəniz-Xəzər Logistika Forumu 2026"da deyib.

O xatırladıb ki, ilk belə hesabat 2023-cü ildə təqdim olunub.

"Bu, bizim ilk cəhdimiz idi, lakin o, bütün dəhlizi tam əhatə etmirdi - yalnız ərazisindən keçdiyi üç dövlətlə bağlı idi. Həmin hesabat əhatəli olmasa da, həmin dövr üçün böyük əhəmiyyət kəsb edirdi.

Hazırda biz yenilənmiş hesabatın təqdimatına hazırlıq görürük. Onun sentyabrın 27-də dərc olunması planlaşdırılır. Bu hesabatı sərbəst şəkildə yükləmək mümkün olacaq. Bu yeni flaqman hesabatı bizim Orta Dəhlizin iştirakçı ölkələrinə aid etdiyimiz bütün doqquz dövləti əhatə edir", - L.Blankas qeyd edib.

Mütəxəssisin sözlərinə görə, sənəd bütün yük kateqoriyalarını əhatə edir və infrastrukturun inkişafı, xidmətlərin göstərilməsi, transsərhəd əməkdaşlıq, ticarət prosedurlarının sadələşdirilməsi məsələlərini, eləcə də dəhlizin inkişafının iqtisadi nəticələrini özündə ehtiva edir. "Bu, həqiqətən də hərtərəfli sənəddir", - bankın baş mütəxəssisi vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: