Fransada xəstəxana sektorunda çalışan əməkdaşlar ölkənin bir sıra şəhərlərində etiraz aksiyaları keçiriblər.
NUHÇIXAN xəbər verir ki, CGT, FO, CFDT, SUD və UNSA həmkarlar ittifaqlarının təşkil etdiyi aksiyalar çərçivəsində səhiyyə müəssisələrində kadr və maliyyə çatışmazlığına, iş şəraitinin pisləşməsinə və hökumətin onların tələblərinə kifayət qədər cavab verməməsinə etiraz olunub. Burj, Strasburq, Tuluz, Klermon-Ferran, Pontuaz və Reünyon adasında aksiyalar təşkil olunub. Bəzi müəssisələrdə əməkdaşlar qara sarğı taxıb, sükut dəqiqələri keçirib və xəstəxana sisteminin vəziyyətini əks edən afışalar nümayiş ediblər.
Həmkarlar ittifaqları hökuməti xəstəxana əməkdaşlarına qarşı laqeydlikdə günahlandırır və iyunda göndərdikləri məktuba cavab verilmədiyini bildirirlər. Onların sözlərinə görə, yay aylarında baş verən güclü istilər zamanı xəstəxanaların, qocalar evlərinin və sosial-tibbi müəssisələrin əməkdaşları onsuz da kifayət qədər olmayan heyət və yüksək iş yükü şəraitində yenidən ciddi təzyiqlə üzləşiblər.
Həmkarlar ittifaqları daha çox insan və maliyyə resursu, əməkhaqlarının daha yaxşı qiymətləndirilməsi və sosial təminatın gücləndirilməsini tələb edirlər. Narazılıq doğuran əsas məsələlərdən biri isə əlavə tibbi sığorta və sosial təminat məsələsidir.
Qaydalara əsasən, 2027-ci il yanvarın 1-dən xəstəxana əməkdaşları əlavə tibbi sığortanın maliyyələşdirilməsində iştirak etməlidirlər. İşəgötürənin ödəyəcəyi pay minimum təminatlara uyğun sığorta haqqının 50 faizini təşkil etməlidir. Lakin bu mexanizmin tətbiqinin dəfələrlə təxirə salınması həmkarlar ittifaqlarının narazılığını artırıb.
FO həmkarlar ittifaqı xəstəxanalarda on minlərlə tibb bacısı yerinin boş olduğunu bildirərək, kadr çatışmazlığının səhiyyə sisteminin zəifliyini daha da üzə çıxardığını vurğulayır.
Qeyd olunan məsələlərlə bağlı növbəti aksiyanın sentyabrın 29-da keçirilməsi planlaşdırılıb.
