Fransada yanğınsöndürənlər tətilə başlayıblar

A- A A+

Fransanın yanğınsöndürənləri daha çox insan və maddi resurs tələb etmək məqsədilə altıhəftəlik tətil hərəkatına start veriblər. Ölkə üzrə əsas aksiya isə sentyabrın 29-da Parisdə keçiriləcək. Həmin gün Fransanın daxili işlər naziri xilasetmə xidmətlərinin modernləşdirilməsi layihəsinin əsas istiqamətlərini təqdim etməlidir.

NUHÇIXAN xəbər verir ki, artıq bir sıra şəhərlərdə etiraz aksiyaları keçirilib. Yanğınsöndürənlər əsasən kadr çatışmazlığından, büdcə məhdudiyyətlərindən və bəzi avadanlıqların vəziyyətindən narazıdırlar. Xüsusilə yay aylarında xilasetmə xidmətlərinə düşən yükün əhəmiyyətli dərəcədə artdığı bir vaxtda mövcud problemlərin daha da kəskinləşdiyi bildirilir.

Yanğınsöndürənlərin nümayəndələri kadr çatışmazlığının birbaşa müdaxilələrin effektivliyinə təsir etdiyini vurğulayırlar.

“Franceinfo”nun məlumatına görə, bəzi yanğınsöndürmə maşınları normal halda altı əməkdaşla yola çıxmalı olduğu halda, hazırda iki nəfərlə hadisə yerinə göndərilir. Zərərçəkənlərə yardım üçün nəzərdə tutulan bəzi təcili yardım maşınlarında isə iki, hətta bəzən bir əməkdaşın olduğu bildirilir.

Yanğınsöndürənlər Fransada xilasetmə sistemində mühüm rol oynayan könüllülərin sayının artırılmasını da tələb edirlər. Onların fikrincə, könüllü yanğınsöndürənlərin gücləndirilməsi mövcud kadr çatışmazlığının aradan qaldırılmasına kömək edə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: