Fransada əməkdaşların əmanətlərinə vergi məsələsi: Hökumət geri çəkildi, hüquq-mühafizə orqanlarına müraciət edildi

A- A A+

Fransada 2027-ci il Sosial Təminat Büdcəsi ilə bağlı hökumət daxilində hazırlanan müxtəlif təkliflərin mətbuata sızması siyasi gərginliyə səbəb olub. Söhbət, xüsusilə, əməkdaşların topladığı əmanətlərə mümkün vergi tətbiqindən gedir.

NUHÇIXAN xəbər verir ki, Baş nazir Sebastyən Lökornü bu təklifə tərəfdar olduğunu inkar edib, Matinyon (Baş nazirin kabineti) isə məlumat sızması ilə bağlı ədliyyəyə müraciət edib.

Son günlər Fransada 2027-ci il Sosial Təminat Büdcəsi ilə bağlı bir sıra məlumatların mətbuata sızması mübahisələrə səbəb olub. Bunların arasında bəzi pensiyaların indeksləşdirilməsinin dəyişdirilməsi və xüsusilə əməkdaşların topladığı əmanətlərə mümkün vergi tətbiqi məsələsi diqqət çəkib.

İqtisadiyyat naziri Rolan Lekür RTL radiosuna açıqlamasında əməkdaşların əmanətlərinə vergi tətbiqinin hökumətin nəzərdən keçirdiyi variantlardan biri olduğunu təsdiqləyib. Bununla belə, o bildirib ki, hələlik bu məsələ ilə bağlı yekun qərar qəbul edilməyib.

Baş nazir Sebastyən Lökornü isə mətbuatda yayılan məlumatlara münasibət bildirərək, onların hökumətin rəsmi qərarı olmadığını vurğulayıb. Onun sözlərinə görə, 2027-ci il büdcəsinin hazırlanması hələ davam edir.

Matinyon daha sonra dəqiqləşdirib ki, Lökornü əməkdaşların əmanətlərinə yeni vergi tətbiqinin lehinə heç vaxt mövqe bildirməyib. Hökumət sızdırılan sənədin qərar deyil, yalnız administrasiyalar tərəfindən hazırlanan iş sənədi olduğunu açıqlayıb. Bu təkliflərin sonradan qəbul edilməsi, dəyişdirilməsi və ya tamamilə rədd edilməsi mümkündür.

Məlumat sızması ilə əlaqədar baş nazirin kabineti Cinayət Prosessual Məcəlləsinin 40-cı maddəsinə əsasən ədliyyə orqanlarına müraciət edib. Matinyon hesab edir ki, belə məlumatlar iqtisadi həyata təsir göstərə və şirkətləri və ya vətəndaşları yanlış məlumat əsasında investisiya qərarları qəbul etməyə sövq edə bilər. Hökumət mümkün etimaddan sui-istifadə və ya peşə sirrinin pozulması hallarının da araşdırıla biləcəyini bildirib.

Baş nazirin mövqeyinin isə yeni vergi tətbiqindən daha çox, işçilərin artıq topladıqları əmanətlərdən müvəqqəti və daha sərbəst istifadə etməsinə imkan yaradılması istiqamətində olduğu qeyd edilir. Söhbət 5 000 avroyadək vəsaitin müvəqqəti çıxarılmasını asanlaşdıran təklifdən gedir.

Rolan Lekür də xatırladıb ki, baş nazir əlavə vergi və ya vergilərin artırılmasını istəmədiyini daha əvvəl açıq şəkildə bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: