Küveyt Neft Korporasiyası alıcılara xam neft və neft məhsullarının təhlükəsiz daşınmasını təmin etmək məqsədilə Hörmüz boğazından kənarda gəmidən-gəmiyə yükləmə variantı təklif edir.
NUHÇIXAN xəbər verir ki, bunu Korporasiyanın qlobal marketinq üzrə baş meneceri Şeyx Xalid Əhməd əs-Sabah “Reuters”ə bildirib.
Onun sözlərinə görə, ABŞ və İran arasında davam edən müharibə fonunda alıcılar və gəmiçilik şirkətləri təhlükəsizlik risklərinə görə Hörmüz boğazı daxilində yerləşən limanlardan istifadə etməkdən çəkinirlər. Korporasiya isə alıcıları cəlb etmək üçün alternativ daşınma imkanları təqdim edir.
Qeyd olunur ki, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi digər istehsalçılar da xam nefti alıcılara Hörmüz boğazından kənarda yerləşən limanlardan təklif edirlər.
Küveyt Neft Korporasiyasının avqust və sentyabr aylarında keçirilən bir sıra tenderlərdə naftanı (hidrokarbon) təyinat limanında gəminin göyərtəsində təhvil şərti ilə satışa çıxardığı bildirilir.
Qeyd edək ki, Korporasiya müharibə başlamazdan əvvəl də naftanı əsasən gəminin göyərtəsində təhvil şərti ilə təklif edirdi. Şirkət ABŞ-İran müharibəsinin fevral ayında başlamasından sonra ilk dəfə iyunda neft yüklərinin satışını bərpa edib.
