Almaniya Avropa İttifaqının (Aİ) 2028-ci ildən qüvvəyə minməsi nəzərdə tutulan növbəti çoxillik maliyyə çərçivəsinin əhəmiyyətli dərəcədə azaldılmasını istəyir.
NUHÇIXAN xəbər verir ki, Almaniya Kansleri Fridrix Merts Aİ Şurasının Prezidenti Antonio Koşta ilə Berlində keçirilən görüşdən sonra Avropa Komissiyasının təklifində əvvəlki dövrlə müqayisədə büdcənin 60 faiz artırılmasının nəzərdə tutulmasının üzv dövlətlərin hazırkı büdcə qənaətləri şəraitində maliyyələşdirilməsinin çətinliyini vurğulayıb.
Aİ-nin növbəti maliyyə çərçivəsi üzrə təklifin bir neçə yüz milyard avro həcmində azaldılmasının vacibliyini qeyd edən Kansler bildirib ki, bu ixtisarlar büdcənin bütün sahələrinə aid edilməlidir. Nəticədə Aİ büdcəsini avropalı vergi ödəyiciləri maliyyələşdirir və mövcud şəraitdə daha böyük büdcənin maliyyələşdirilməsi real deyil.
F.Merts Aİ-nin ümumi borclanmasına da ehtiyatlı yanaşmanın tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, həddindən artıq borclanma Avropanın suverenliyini və fəaliyyət imkanlarını təhlükə altına qoyur. Qeyd edib ki, Aİ qarşısında duran çətinliklər prioritetlərin müəyyənləşdirilməsini tələb edir və bu problemlərdən yeni Avropa borcları hesabına yayınmaq olmaz.
Almaniya hökumətinin rəhbəri, eyni zamanda, Aİ büdcəsinin prioritetlərinin dəyişdirilməsini zəruri hesab edib. “XXI əsrin problemlərini XX əsrin büdcəsi ilə həll edə bilməyəcəyik”, - deyən F.Merts gələcək maliyyə çərçivəsində Avropanın rəqabət qabiliyyətinin və müdafiə qabiliyyətinin ön plana çıxarılmasının vacibliyini qeyd edib. Bildirib ki, Avropa qlobal rəqabətdə öz iqtisadi və hərbi gücünə arxalanmalıdır.
F.Merts Aİ-nin rəqabət qabiliyyətinin artırılması üçün bürokratik yükün azaldılmasının və investisiya imkanlarının yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb.
Almaniya Kansleri, həmçinin Aİ-nin genişlənməsi məsələsinə də toxunaraq, xüsusilə Ukrayna, Moldova və Qərbi Balkan ölkələri ilə bağlı qərarların sürətləndirilməsini dəstəklədiyini bildirib.
