Nikoya yarımadasında yerləşən Sardinal Kosta-Rikanın Sakit okean sahilindən avtomobillə təxminən 20 dəqiqəlik məsafədə yerləşən isti şəhərdir. Bura insanların, bir qayda olaraq, daha uzun və sağlam ömür sürdüyü, 100 yaşa çatmaq ehtimalının daha yüksək olduğu, dünyanın “mavi zonalar” kimi tanınan beş regionundan biridir. Sardinalda Xose Flores günlərini sadə taxta evdə mürgüləyərək və nəvəsinin hazırladığı yeməkləri yeyərək keçirir.
AZƏRTAC xəbər verir ki, ailəsinin və rəsmi qurumların verdiyi məlumatlara əsasən, Floresin 119 yaşı var və bu, onu dünyanın ən yaşlı insanı edir. Lakin doğum tarixinin beynəlxalq səviyyədə təsdiqi hələ alınmayıb, çünki mütəxəssislər tarixi sənədləri araşdırırlar.
NUHÇIXAN agentliyi yazır ki, yerli sakinlər uzunömürlülüklərini kalsium və maqneziumla zəngin su, qarğıdalı və paxlalı bitkilərə əsaslanan qidalanma, fiziki əmək, eləcə də möhkəm ailə və icma əlaqələri ilə izah edirlər.
Xosenin nəvəsi və ona qulluq edən Helen Flores bildirib ki, bütün ömrüboyu kənd yerlərində işləyən babası hazırda “sakit və xoşbəxt” yaşayır. O, vaxtaşırı həyatından bəzi hadisələri xatırlayır, lətifələr danışır və uzunömürlülüyün sirlərindən birinin ailəsi olduğunu deyir.
Floresin şəxsiyyət vəsiqəsinə əsasən, o, 11 iyul 1907-ci ildə anadan olub.
Nikoya yarımadasında regionun ömür uzunluğunu araşdıran “Mavi zona” Assosiasiyasının təsisçisi Xorxe Vindasın sözlərinə görə, assosiasiyanın beynəlxalq təşkilatlar, o cümlədən “Ginnesin Rekordlar Kitabı” tərəfindən təsdiqlənməli olan tarixi sənədləri var.
“Bizdə doğum və vəftiz haqqında şəhadətnamələrdən tutmuş onun sonrakı həyat dövrünə, artıq ata olduğu və daha sonra yaşadığı dövrə aid sənədlərədək çoxlu sayda sənəd var”, - deyə o bildirib. “Ümid edirik ki, bütün bu sənədlər yoxlanıldıqdan sonra onların həqiqiliyi təsdiqlənəcək və tezliklə xoş xəbərlər alacağıq”.
Yoxlama prosesi davam edərkən Helen Flores deyir ki, Flores ailəsi təkcə onlar üçün deyil, ölkə üçün də əhəmiyyət daşıyacaq cavabı gözləyir.
Floresin 8 övladı olub, hazırda isə onun 23 nəvəsi, 25 nəticəsi və bir kötükcəsi var.
“Reuters” qeyd edir ki, hazırda dünyanın ən yaşlı insanı Böyük Britaniyadan olan Ethel Katerhemdir. O, 21 avqust 1909-cu ildə İngiltərənin Hempşir qraflığında anadan olub və 2026-cı ildə 117 yaşı tamam olub. Braziliyalı rahibə İna Kanabaro Lukas 2025-ci ilin aprelində vəfat etdikdən sonra Ethel Katerhem dünyanın ən yaşlı insanı kimi tanınıb.
