ABŞ NATO üzrə müttəfiqlərini Roma Statutundan çıxmağa və Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarının zəiflədilməsi kampaniyasını dəstəkləməyə çağırıb.
NUHÇIXAN-ın "Politico"ya istinadən verdiyi məlumata görə, bu tələb iyulun ortalarında Brüsseldə 32 NATO ölkəsinin səfirlərinin qapalı iclasında səsləndirilib.
Alyansın üç diplomatının məlumatına görə, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker müttəfiqlərə müraciət edərək onları Beynləxalq Cinayət Məhkəməsinin zəiflədilməsinə kömək etməyə və onun əsas sənədi olan Roma Statutundan çıxmağa çağırıb.
"Biz Amerikanı kimin dəstəklədiyini diqqətlə izləyəcəyik", - Uitaker bildirib.
Paralel olaraq ABŞ missiyası NATO ölkələrinin nümayəndə heyətləri arasında Vaşinqtonun Beynləxalq Cinayət Məhkəməsinin imkanlarını zəiflətmək niyyətində olduğunu bildirən sənəd yayıb. Müttəfiqlərə dərhal Roma Statutundan çıxış prosesinə başlamaq təklif olunub.
ABŞ həmçinin alyans ölkələrini məhkəmənin onların özləri üçün yaratdığı təhlükəni qiymətləndirməyə, onun səlahiyyətlərini aşmasını açıq şəkildə qınamağa və hər cür maddi dəstəyi dayandırmağa çağırıb.
NATO Roma Statutunun iştirakçısı deyil, lakin ABŞ və Türkiyə istisna olmaqla, alyansın bütün dövlətləri ona qoşulub.
