Türkiyənin “HAVELSAN” müdafiə şirkəti Misirdə “HAMZA-1” pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanılması ilə bağlı Ərəb Sənayeləşmə Təşkilatı (ADI) ilə yeni razılaşma əldə edib.
NUHÇIXAN xəbər verir ki, saziş Misirin Əl-Alameyn şəhərində keçirilən “El Alamein International Airshow 2026” beynəlxalq aviasiya-kosmik sərgisi çərçivəsində əldə olunub.
Bu razılaşma 2025-ci il avqustun 26-da tərəflər arasında imzalanmış Strateji Əməkdaşlıq Sazişinin davamıdır. Həmin saziş Misirdə şaquli qalxma və enmə imkanına malik avtonom pilotsuz uçuş aparatlarının birgə istehsalını nəzərdə tuturdu.
Türkiyə ilə Misir arasında mövcud əməkdaşlıq proqramı çərçivəsində hazırlanmış “HAMZA-1” PUA-ları ilk dəfə 2025-ci ilin dekabrında Qahirədə keçirilən “EDEX 2025” Beynəlxalq Sərgisində təqdim edilib.
