Birləşmiş Ərəb Əmirlikləri Almaniyaya 40 milyard avro investisiya yatıracaq - FOTOLAR

A- A A+

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Almaniyaya 40 milyard avro investisiya yatıracaq.

NUHÇIXAN xəbər verir ki, investisiya paketi BƏƏ Prezidenti Şeyx Məhəmmən bin Zayed Al Nəhyanın Almaniyaya dövlət səfəri çərçivəsində Kansler Fridrix Merts ilə görüşündə açıqlanıb.

Görüşdə tərəflər sülh, təhlükəsizlik, iqtisadi rifah və dayanıqlı inkişaf sahələrində əməkdaşlığın dərinləşdirilməsinə böyük maraq göstərdiklərini vurğulayıblar. Həmçinin xarici siyasət, iqtisadiyyat, enerji və ətraf mühit sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə strateji dialoqun yaradılması barədə razılıq əldə olunub. Bununla 2004-cü ilin aprelində qurulmuş Almaniya-BƏƏ strateji tərəfdaşlığının daha da gücləndirilməsi hədəflənir.

Elan olunan 40 milyard avroluq investisiya paketi qabaqcıl rəqəmsal infrastruktura, o cümlədən yeni və müasir məlumat mərkəzlərinin yaradılmasına sərmayələri əhatə edir. Görüş çərçivəsində BƏƏ və Almaniya şirkətləri arasında ümumi dəyəri 9,3 milyard avrodan çox olan 29 niyyət protokolu və sazişin imzalandığı da açıqlanıb. Bundan əlavə, gələcəkdə Almaniya-BƏƏ İnvestisiya Şurasının yaradılmasının da nəzərdə tutulduğu və bu platformanın dövlət və özəl sektor arasında investisiyaların təşviqinə, eləcə də əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyi bildirilib.

Həmçinin iki ölkə arasında müdafiə və müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji sektorunda iki ölkənin aparıcı şirkətləri arasında tərəfdaşlıqların inkişaf etdirilməsi barədə əlavə razılaşmalar əldə olunub.

Qeyd edək ki, BƏƏ Prezidenti Berlinə ikigünlük dövlət səfəri çərçivəsində Berlində Almaniya Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən rəsmi mərasimlə qarşılanıb. Sonra dövlət başçıları təkbətək və geniş tərkibdə görüşlər keçiriblər.

BƏƏ Almaniyanın Körfəz regionunda ən böyük ticarət tərəfdaşıdır. Bu ölkənin Almaniyada artıq 34 milyard avro həcmində investisiyası var. Yeni 40 milyard avroluq sərmayə iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə imkan verəcək. İnvestisiyaların Almaniyada sənaye potensialının, innovasiyaların və enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verməsi gözlənilir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 13 milyard avrodan çox olub. Almaniyanın BƏƏ-yə ixracı 11 milyard, idxalı isə 2 milyard avro təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: