Qazaxıstanın Karaqanda vilayətində təbiətdə ötən sutka ərzində ümumi sahəsi ilkin hesablamalara görə 200 hektar olan 8 yanğın söndürülüb.
NUHÇIXAN Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, hazırda Şet, Buxar-Jırau və Karkaralı rayonlarının dağ-çöl ərazilərində quru ot və kolluqların yanması ilə əlaqədar daha 5 yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
Yanğınların söndürülməsini ərazinin keçilməsi çətin olan dağ-çöl relyefi, havanın isti olması və güclü, arabir şiddətlənən külək çətinləşdirir. Küləyin təsiri ilə alovun yayılma istiqaməti dəfələrlə dəyişib.
Yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, yerli icra orqanlarının və meşə təsərrüfatlarının 400-dən çox əməkdaşı və 100-dən artıq texnika cəlb olunub. Operativ qərargah sutka ərzində fasiləsiz fəaliyyət göstərir.
Vəziyyət Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin nəzarətindədir.
