Macarıstanda avro keçid üçün ictimai dəstək kifayət etmir

A- A A+

Macarıstan Milli Bankının (MNB) rəhbəri Mixay Varga ölkədə avronun tətbiqinin mümkünlüyü və bununla bağlı əsas risklər barədə danışıb.

NUHÇIXAN xəbər verir ki, Varganın sözlərinə görə, vahid valyutaya uğurlu keçid üçün üç əsas şərt – cəmiyyətin dəstəyi, əlaqələndirilmiş strategiya və real sektorun buna hazırlığı təmin edilməlidir.

Macarıstanda avroya ictimai dəstək yüksəkdir. Ölkə əhalisinin təxminən beşdə dördü vahid Avropa valyutasının tətbiqini dəstəkləyir. Bununla yanaşı, eyni nisbətdə respondent hesab edir ki, Macarıstan iqtisadi baxımdan hələ avroya keçidə hazır deyil.

MNB rəhbərinin sözlərinə görə, Macarıstan hazırda Avrozonaya üzvlük üçün tələb olunan meyarlardan yalnız birinə – inflyasiya üzrə istinad göstəricisinə cavab verir. Bununla belə, son dövrdə ölkənin maliyyə bazarlarındakı mövqeyi yaxşılaşıb və son il yarım ərzində forint (milli pul vahidi) inkişaf etməkdə olan ölkələrin ən yaxşı nəticə göstərən valyutalarından birinə çevrilib.

Avroya keçidlə bağlı əsas risklərdən biri inflyasiya olaraq qalır. Mərkəzi və Şərqi Avropa ölkələrinin enerjidən daha yüksək asılılığı qiymətlərin Avrozonadakı tendensiyalardan fərqlənməsinə səbəb ola bilər.

Bundan başqa, Macarıstanın iqtisadi artım tempinin sürətləndirilməsinə ehtiyac var. 2020–2025-ci illərdə ölkə iqtisadiyyatı orta hesabla ildə 1,2 faiz böyüyüb ki, bu da bir sıra qonşu ölkələrdən daha aşağı göstəricidir.

M.Varganın mövqeyindən belə nəticəyə gəlmək olar ki, avronun tətbiqi Macarıstan üçün əvvəlkindən daha real siyasi məqsədə çevrilib, lakin ölkənin Avrozonaya faktiki qoşulması hələ yaxın perspektivdə görünmür. İctimai dəstəyin yüksək olmasına və bəzi iqtisadi göstəricilərin yaxşılaşmasına baxmayaraq, zəruri konvergensiya meyarlarının yerinə yetirilməsi üçün qarşıda ciddi iqtisadi siyasət tədbirləri dayanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: