İnflyasiya, yanacaq və enerji qiymətlərinin artması fonunda Fransanın iqtisadi mənzərəsi getdikcə daha da pisləşir. Statistika və İqtisadi Tədqiqatlar Milli İnstitutu (INSEE) ölkədə əhalinin alıcılıq qabiliyyətinin 2026-cı ildə 0,4 faiz azalacağını və bu geriləmənin geniş sayda ailəyə təsir edəcəyini proqnozlaşdırır.
NUHÇIXAN xəbər verir ki, INSEE-nin açıqladığı son iqtisadi proqnozlara görə, Fransada inflyasiyanın ilin sonuna yaxın 3 faizə çatacağı gözlənilir. Xüsusilə ərzaq məhsullarının, o cümlədən təzə tərəvəzlərin qiyməti artır. Yay aylarında müşahidə olunan isti hava dalğaları məhsuldarlığı və məhsul yığımını azaldaraq, qiymətlərə təsir göstərib.
Yanacaq və qaz qiymətlərində də vəziyyət ürəkaçan deyil. Hörmüz boğazındakı münaqişə fonunda neftin bir barelinin qiyməti 100 dolları ötüb, qazın qiyməti də yüksəlib. Qış aylarında enerji tariflərinin daha da artacağı gözlənilir. Yanacaq, qaz və gündəlik ərzaq xərclərinin bahalaşması nəticədə ailələrin alıcılıq qabiliyyətinə təzyiqi artırır.
INSEE-nin məlumatına görə, şirkətlər mövcud beynəlxalq və siyasi qeyri-müəyyənlik şəraitində investisiyaları azaldır. Müdafiə, nüvə energetikası və aviasiya kimi bir neçə sektor istisna olmaqla, müəssisələr daha çox işçi ixtisar edir, nəinki yeni işçilər qəbul edirlər. Bunun nəticəsində işsizliyin artması da əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. INSEE bu geriləmənin “ailələrin böyük bir hissəsinə” təsir edəcəyini bildirir.
Vəziyyət xüsusilə gəlirləri onsuz da məhdud olan ailələr üçün ağırlaşa bilər. Daha imkanlı təbəqə yığımlarından istifadə etməklə artan xərcləri qarşılaya bilsə də, maddi çətinlik yaşayan ailələrin qarşıdakı aylarda daha ciddi problemlərlə üzləşəcəyi gözlənilir.
INSEE Fransanın iqtisadi vəziyyəti ilə bağlı ümumilikdə bədbin mənzərə təqdim edir. Qarşıdan gələn seçki prosesi isə iqtisadiyyatda qeyri-müəyyənliyi və narahatlıqları daha da artıra bilər.
