İngiltərənin “Vest Hem” və “Kvins Park Reyncers” (KPR) klublarının sabiq qapıçısı Lyudek Mikloşko 64 yaşında vəfat edib.
NUHÇIXAN London klubunun rəsmi saytına istinadən xəbər verir ki, keçmiş Çexoslovakiya və Çexiya milli komandalarının heyətində çıxış etmiş qolkiper uzun müddət xərçəng xəstəliyindən müalicə olunub.
O, 1990-cı ildə “Baník Ostrava” klubundan “Vest Hem”ə 300 min funt sterlinq qarşılığında transfer olunub. Lyudek Mikloşko ilk mövsümündə komandanın yüksək liqaya yüksəlməsinə kömək edib. “Vest Hem”in formasında ümumilikdə 373 oyuna çıxıb.
Qapıçı 1998-ci ildə “Vest Hem”dən ayrılaraq KPR klubuna keçib. O, əvvəlcə bu komandada icarə əsasında çıxış edib.
2001-ci ildə futbolçu karyerasını başa vurduqdan sonra “Vest Hem”ə qayıdaraq 2010-cu ilədək klubda qapıçılar üzrə məşqçi kimi çalışıb. Daha sonra idman agentliyində fəaliyyət göstərən mütəxəssis Çexiyanın “Banik Ostrava” klubunda idarə heyətinin üzvü və idman direktoru vəzifələrində işləyib.
Qolkiper 1982-ci ildən başlayan milli karyerası ərzində Çexoslovakiyanın heyətində 40, Çexiya yığmasında isə 2 oyun keçirib.
Qeyd edək ki, Lyudek Mikloşko 2024-cü ildə xərçəng xəstəliyinə görə müalicəni dayandırmaq qərarına gəldiyini açıqlamışdı.
