Böyük Britaniyada müxtəlif siyasi partiyaları təmsil edən deputat və Lordlar süni intellektin insan hüquqları üçün yaratdığı risklərin mövcud qanunvericiliklə kifayət qədər tənzimlənmədiyini bildiriblər.
NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, Parlamentin İnsan Hüquqları üzrə Birgə Komitəsi (JCHR) bu sahədə risklərin miqyasını və ciddiliyini nəzərə alaraq süni intellektlə bağlı ayrıca qanun layihəsinin hazırlanmasını təklif edib.
Komitənin sədri, Leyboristlər Partiyasından deputat Aleks Sobel bildirib ki, hazırda nə Böyük Britaniyada, nə də dünyanın başqa bir ölkəsində süni intellektin sürətli inkişafına tam uyğun olan qanunvericilik və tənzimləmə sistemi mövcuddur. Komitənin 100 səhifəlik hesabatında süni intellektin bir sıra hallarda insan hüquqlarının pozulmasına səbəb olduğu qeyd edilir. Nümunə kimi qadın və qızların seksual xarakterli saxta görüntülərinin yaradılması, eləcə də insanların razılığı olmadan üzlərinin skan edilməsi göstərilir. Komitə, həmçinin qanunla təsbit olunmuş vahid və müstəqil süni intellektə nəzarət orqanının yaradılmasını təklif edib. Komitə mövcud hüquqi çərçivənin parçalanmış və mürəkkəb olduğunu, bunun isə müdafiə mexanizmlərində boşluqlar yaratdığını bildirib.
