İtaliya hökuməti 2035-ci ilədək ölkədə yenidən nüvə elektrik enerjisi istehsalına başlanılacağını istisna etmir.
NUHÇIXAN xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin deyib.
“Politico” nəşrinin yazdığına görə, nazirin bu açıqlaması ölkədə nüvə enerjisindən uzunmüddətli imtinanı ləğv etməyə yönəlmiş tarixi qanun layihəsinin Senatda səsverməyə çıxarıldığı bir vaxtda səslənib. İtaliya Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş fəlakətdən sonra 1987-ci ildə nüvə enerjisindən imtina edib və sonuncu atom elektrik stansiyalarını 1990-cı ildə bağlayıb.
“Yevropeyskaya Pravda” yazır ki, hazırda geosiyasi qeyri-müəyyənlik və Avropada biznes üçün ən yüksək elektrik enerjisi xərclərindən bəziləri bu qərara yenidən baxmağa vadar edir.
Qanun layihəsi yeni reaktorların inşası üçün hüquqi əsaslar yaradacaq.
Piçetto Fratin qeyd edib ki, Ukraynadakı vəziyyət və Körfəzdəki hadisələrlə bağlı enerji böhranları İtaliyanın xarici tədarüklərdən “həddindən artıq asılılığını” üzə çıxarıb və bunun nəticəsində nüvə energetikası “milli təhlükəsizlik” məsələsinə çevrilib.
Nazir nəqliyyat və sənayenin elektrikləşdirilməsi, eləcə də süni intellektin fəaliyyətini təmin etmək üçün məlumat emalı mərkəzlərinin genişləndirilməsi ilə əlaqədar qarşıdakı 10-15 il ərzində elektrik enerjisinə tələbatın kəskin artacağına dair proqnozlara istinad edib.
O, həmçinin nəsillərin dəyişməsinin nüvə energetikasına qarşı müqavimətin azalmasına kömək etdiyini bildirib.
Piçetto Fratin qeyd edib ki, bu onilliyin sonunadək seriyalı istehsala başlanılması tikinti müddətini üç-dörd ilədək azalda bilər ki, bu da 2034-cü və ya 2035-ci ildə elektrik enerjisi istehsalına başlamağa imkan verəcək.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen daha əvvəl Avropa İttifaqının nüvə enerjisindən imtina etməklə “strateji səhvə” yol verdiyini bildirmişdi.
