Finlandiya Fransa Prezidenti Emmanuel Makronun mart ayında Avropa ölkələrinə təklif etdiyi qabaqcıl nüvə çəkindirmə təşəbbüsünə qoşulmaq qərarına gəlib. Bu barədə iki ölkə birgə bəyanat yayıb.
NUHÇIXAN xəbər verir ki, sənədə əsasən, əməkdaşlığın həyata keçirilməsinə başlamaq üçün yaxın aylarda nüvə məsələləri üzrə rəhbər qrup yaradılacaq.
Finlandiyanın təşəbbüsə qoşulması ilə Fransanın təklifinə qoşulan Avropa ölkələrinin sayı 10-a çatıb. Siyahıya Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç, Danimarka və Norveç də daxildir.
Qeyd edək ki, Fransa Böyük Britaniya ilə birlikdə Avropada nüvə silahına malik yeganə ölkələrdəndir. Parisin təşəbbüsü digər könüllü Avropa dövlətlərini Fransanın nüvə çəkindirmə siyasətinə cəlb etməyi nəzərdə tutur.
Təşəbbüsə qoşulan müttəfiq ölkələr, xüsusilə Fransa Silahlı Qüvvələrinin strateji hava qüvvələrini qəbul edə biləcək.
Emmanuel Makronun sözlərinə görə, bu qüvvələrin Avropa qitəsinin müxtəlif ərazilərində yerləşdirilməsi potensial rəqiblərin hesablamalarını çətinləşdirə bilər.
Finlandiya Prezidenti Alexander Stübb X sosial media hesabında bildirib ki, Fransanın təşəbbüsü ilk növbədə Avropanın təhlükəsizliyini gücləndirmək və eskalasiyanın qarşısını almaq məqsədi daşıyır. O vurğulayıb ki, bu mexanizm NATO-nun nüvə çəkindirməsini əvəz etməməlidir.
Stübbün sözlərinə görə, Finlandiya üçün əsas fəaliyyət çərçivəsi NATO və Avropa İttifaqıdır. O, həmçinin Finlandiyanın sülh dövründə öz ərazisində nüvə silahlarının yerləşdirilməsini nəzərdə tutmadığını bildirib.
Bu qərar Fransa ilə Finlandiya arasında yeni strateji tərəfdaşlıq çərçivəsində qəbul edilib. Tərəflərin xarici işlər nazirləri sənədi Helsinkidə imzalayacaqlar.
Emmanuel Makron martın əvvəlində Fransanın nüvə çəkindirmə doktrinasını yeniləyərək, bu imkanların Avropadakı müttəfiqlərə daha geniş şəkildə təqdim olunmasını təklif edib. Təşəbbüs birgə təlimləri və mümkün hallarda Fransanın nüvə qüvvələrinin bəzi elementlərinin ölkə hüdudlarından kənarda müvəqqəti yerləşdirilməsini nəzərdə tutur. Bununla belə, Fransa nüvə arsenalı üzərində milli nəzarəti və son qərar səlahiyyətini özündə saxlayır.
