Bu gün Fransanın Fos-sür-Mer şəhərində onlarla balıqçı səhər saatlarında yanacağın qiymətinin artmasına və iş şəraitinin pisləşməsinə etiraz olaraq neft terminalını blokadaya alıblar.
NUHÇIXAN xəbər verir ki, etirazçılar balıqçılıq naziri Katerin Şabo ilə görüş tələb edirlər.
Balıqçıların nümayəndəsi Anj Natolinin sözlərinə görə, neft terminalının blokadası gecə saat 03:00-da başlayıb. Prefekturanın məlumatına əsasən, təxminən 50 yanacaq daşıyan yük maşını Fos neft terminalının çıxışını bağlayıb.
Bu aksiyadan bir gün əvvəl onlarla balıqçı Set və Por-Vandr şəhərlərində də nümayiş keçirib. Setdə həmkarlar ittifaqı nümayəndə heyəti prefekturada qəbul edilsə də, balıqçılar onların tələblərinə cavab verilmədiyini bildiriblər. Oksitaniya Regional Balıqçılıq Komitəsinin rəhbəri Bernar Perez etirazların daha da sərtləşə biləcəyi barədə xəbərdarlıq edib.
Oksitaniya, Provans-Alp-Kot d’Azur və Korsikanın regional balıqçılıq komitələri, Aralıq dənizində fəaliyyət göstərən üç istehsalçı təşkilat, eləcə də muzdlu və işəgötürən dənizçilər həmkarlar ittifaqları birgə etiraz hərəkatına başlayıb. Təşkilatçıların bildirdiyinə görə, peşənin əsas tələblərinə konkret cavablar verilməyənədək aksiyalar davam etdiriləcək.
Balıqçılar fəaliyyət şəraitinin davamlı şəkildə pisləşməsindən narazıdırlar. Onlar xüsusilə istismar və yanacaq xərclərinin artmasını, həmçinin inzibati və tənzimləyici tələblərin çoxalmasını əsas problemlər kimi göstərirlər.
Fransa İspaniyadan sonra Avropanın ikinci ən böyük balıqçılıq məhsulları istehsalçısıdır.
