Avropa Komissiyası internetdə uşaqların müdafiəsi üçün yeni qaydaları, o cümlədən sosial şəbəkələrdən istifadəyə yaş məhdudiyyətlərini nəzərdə tutan "EU KIDS Act" reqlament layihəsini təqdim edib.
NUHÇIXAN-ın məlumatına görə, sənədə əsasən, 13 yaşından kiçik uşaqlara sosial şəbəkələrdən istifadə etmək qadağan ediləcək.
Avropa İttifaqı (Aİ) üzrə müstəqil şəkildə hesab yaratmaq üçün vahid minimum yaş həddinin 15 yaş müəyyən edilməsi təklif olunur.
Sənədə əsasən, 13-15 yaş aralığında olan uşaqlar üçün valideyn nəzarətinin tətbiq edilməsi irəli sürülür. Valideynlər və ya qəyyumlar onlar üçün mini-hesablar yarada biləcəklər ki, bu hesablar vasitəsilə uşaqlar öz yaşlarına uyğun sosial şəbəkələrə və videolara çıxış əldə edəcəklər.
Eyni zamanda, 3 yaşından 13 yaşına qədər uşaqlar sosial şəbəkələrdən istifadə edə bilməyəcəklər, lakin valideynlərinin və ya qəyyumlarının hesabları vasitəsilə xüsusi olaraq hazırlanmış uşaqlar üçün video xidmətlərə çıxış əldə edə biləcəklər. Platformalar, həmçinin bu cür xidmətlərdən istifadə vaxtını gündə maksimum bir saatla məhdudlaşdırmaq üçün alətlər təqdim etməlidirlər.
Bundan əlavə, "EU KIDS Act" "layihələndirmə mərhələsində təhlükəsizlik" prinsipinin tətbiqini nəzərdə tutur. Yeni tələblər 18 yaşdan kiçik şəxslərin istifadə etdiyi sosial şəbəkələrə, video xidmətlərə, onlayn oyunlara və s. şamil ediləcək.
Ayrı bir istiqamət istifadəçilərin yaşının yoxlanılmasına aiddir. Onlayn xidmətlər və mağazaların tətbiqlərində müvafiq alətlər istifadə edilməli olacaq. Xüsusilə, şəxsiyyəti təsdiq edən sənədlərin məlumatlarını və biometrik məlumatları yadda saxlamayan, Aİ-də hazırlanmış tətbiqdən istifadə etmək təklif olunur.
"EU KIDS Act" həmçinin "sübutetmə yükü" prinsipinin dəyişdirilməsini nəzərdə tutur. Nəhəng onlayn platformaların təchizatçıları öz xidmətlərinin konstruksiya baxımından təhlükəsiz olduğunu sübut etməli olacaqlar. Çatışmazlıqlar aşkar edildiyi təqdirdə, Avropa Komissiyası təchizatçılardan düzəliş tədbirləri görməyi tələb edə biləcək.
Qanunvericilik təklifi nəzərdən keçirilməsi və qəbul edilməsi üçün Avropa Parlamentinə və Aİ Şurasına göndərilib.
Təklif Avropa Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən çağırılmış İnternetdə Uşaqların Təhlükəsizliyi üzrə Xüsusi Qrupun tövsiyələrinə əsaslanır. Onun tərkibinə vətəndaş cəmiyyəti nümayəndələri, gənclər, valideynlər, pedaqoqlar, uşaq psixiatrları, nevroloqlar və texnologiya mütəxəssisləri daxil olmaqla 60-dan çox ekspert daxil olub.
2026-cı ilin Rəqəmsal onillik üzrə Xüsusi Avrobarometrinə əsasən, avropalıların 92 %-i uşaqların və gənclərin internetdə müdafiəsinin, o cümlədən kiberbullinqdən, zərərli məzmundan, asılılıq yaradan dizayn elementlərindən və digər risklərdən qorunmasının daha da gücləndirilməsini əsas siyasi prioritetlərdən biri hesab edir.
