Barro: Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır

A- A A+

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Rusiyanın ölkəsini və Avropanın bir sıra digər ölkələrini hədəf alan fəaliyyətlərinin son dövrdə artdığını bildirib. Bununla belə, o, Fransanın Rusiya ilə müharibə vəziyyətində olmadığını vurğulayıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Barro LCI telekanalına müsahibəsində deyib.

O diqqətə çatdırıb ki, Fransa istənilən təhlükəyə və təcavüzə qarşı hazırlanır, bu ölkənin hərbi xərcləri son 10 ildə iki dəfə artırılıb.

Fransalı nazir son illərdə Rusiyaya aid edilən dezinformasiya kampaniyaları və kiberhücum cəhdlərindən də danışıb. O, həmçinin 2024-cü ildə baş vermiş yanğın törətmək cəhdini xatırladaraq, Fransanın digər Avropa ölkələri ilə müqayisədə bu cür fəaliyyətlərdən, bəlkə də bir qədər az təsirləndiyini qeyd edib.

Barro Avropada son vaxtlar baş verən bir sıra insidentləri də sadalayıb. Bunların arasında Danimarka sahillərində Rusiya freqatından helikopter istiqamətində işıqlandırıcı raketlərin atılması, Litvada dronun zərərsizləşdirilməsi və Almaniyada hava bazasının yaxınlığında dronun düşməsi yer alıb. Nazir NATO-nun bu hadisələrə operativ reaksiya verdiyini xatırladıb.

“Moskva bununla siqnal verir, sınaqdan keçirir və güc nümayiş etdirir. Avropa ölkələri isə təhlükəsizlik tədbirlərini davam etdirirlər. Bu proses təxminən 5 il əvvəl başlayıb və hazırda sürətlənib”, - deyə o diqqətə çatdırıb.

Bununla yanaşı, nazir Fransanın Ukraynaya dəstək, Rusiyaya təzyiq və sülhə hazırlıq strategiyasını davam etdirəcəyini vurğulayıb.

Kan şəhərində qatarın relsdən çıxması hadisəsində Rusiyanın mümkün iştirakı barədə sualı cavablandıran Barro istintaqın nəticələrini gözləməyə çağırıb, qorxu və təhdidlərin təsiri altına düşməməyin vacibliyini qeyd edib.

Fransanın nüvə çəkindirmə siyasətinin Avropa ölçüsünün gücləndirilməsi təşəbbüsünə də toxunan nazir Finlandiyanın bu təşəbbüsə qoşulduğunu və iştirakçı ölkələrin sayının 10-a çatdığını bildirib. Bununla belə, Barro Fransanın nüvə çəkindirməsinin yalnız Fransanın məsuliyyətində qaldığını deyib.

“Nüvə silahından istifadə barədə qərar müstəsna olaraq dövlət başçısına aiddir”, – deyə o qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: