Barselona “The Earthshot Prize” ekoloji mükafatının finalçıları sırasına daxil olub

A- A A+

Barselona 2026-cı il üzrə “Okeanların bərpası” (Revive Our Oceans) kateqoriyasında beynəlxalq “The Earthshot Prize” ekoloji mükafatının 15 finalçısından biri olub.

NUHÇIXAN “Euronews”a istinadla xəbər verir ki, şəhər sahil ərazisinin iqlim dəyişikliyinin təsirlərinə davamlılığının artırılmasına yönəlmiş, dəyəri 150 milyon avro olan layihə həyata keçirir.

Layihə Sant-Marti sahili boyunca 22 hektar ərazidə ictimai məkanların yaradılmasını, dəniz ekosistemlərinin bərpasını və sahilin təbii mühafizəsinin formalaşdırılmasını nəzərdə tutur. Aparılacaq işlər çərçivəsində sahilin bir hissəsi şəhərin içərilərinə doğru köçürüləcək ki, bu da çimərliklərin genişləndirilməsinə, dalğaların, fırtına dalğalarının və dəniz səviyyəsinin yüksəlməsinin yaratdığı təsirlərin enerjisinin udulması üçün daha geniş məkanın yaradılmasına imkan verəcək.

Ərazidə həmçinin 15 min kvadratmetr sahəsi olan sahilboyu parkın, piyada zolağının və velosiped yollarının yaradılması planlaşdırılır. Günəş enerjisi ilə işləyən perqolalar ziyarətçiləri kölgə ilə təmin etməklə yanaşı, elektrik enerjisi də istehsal edəcək.

2023-cü ildə fırtına nəticəsində zərər görmüş sahil hissəsinin uçmasından sonra layihəyə xüsusi ehtiyac duyulub. Bundan başqa, 2010-cu ildə sahilə tökülmüş süni qumun təxminən 70 faizi sonradan itib.

“Passeig Marítim de la Mar Bella” ərazisində işlərin 2027-ci ilin yazında başa çatdırılması planlaşdırılır.

2026-cı ildə “The Earthshot Prize” mükafatına 169 ölkədən təxminən 7 min müraciət daxil olub. Finalçılar beş kateqoriya üzrə təqdim olunub. Hər kateqoriya üzrə qalib 1 milyon funt sterlinq mükafat alacaq.

Mükafatın qalibləri noyabrın 17-də Hindistanın Mumbay şəhərində keçiriləcək mərasimdə elan olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: