Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

A- A A+

2023-cü ildə havanın çirklənməsi dünyada təxminən 8 milyon insanın ölümünə səbəb olub. Havanın çirklənməsinin sağlamlığa təsirləri ilə bağlı iqtisadi zərərin isə 7,12 trilyon avro və ya dünya üzrə ümumi daxili məhsulun (ÜDM) təxminən 6 faiz həcmində olduğu qiymətləndirilir. Bu barədə qlobal "Breathe Cities" təşəbbüsü məlumat yayıb.

NUHÇIXAN "Euronews"a istinadla xəbər verir ki, təşkilatın məlumatına görə, havanın çirklənməsi ictimai sağlamlıq üçün ciddi təhdidlərdən biri olaraq qalır. Belə ki, zərərli hissəciklər beyin də daxil olmaqla müxtəlif orqanlara nüfuz edə və bir sıra xəstəliklərin yaranma riskini artıra bilər.

Avropa şəhərləri havanın çirklənməsini azaltmaq üçün tədbirlər həyata keçirirlər. London şəhərində ultra aşağı emissiya zonasının (ULEZ) tətbiqindən və digər ekoloji tədbirlərdən sonra zəhərli hava ilə əlaqəli ölümlərin sayı təxminən 40 faiz azalıb. Bu barədə London İmperial Kollecinin araşdırmasında bildirilir.

Sofiyada çirklənmənin əsas mənbələri nəqliyyat və yaşayış evlərinin odunla qızdırılması qeyd olunur. Şəhərdə ən çox çirkləndirici nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdıran, həmçinin istilik sistemlərinin modernləşdirilməsini nəzərdə tutan aşağı emissiya zonası tətbiq edilib. Şəhər administrasiyasının nümayəndələrinin sözlərinə görə, ilkin nəticələr çirklənmə səviyyəsinin azaldığını göstərir.

Ümumdünya Səhiyyə Təşkilatının ətraf mühit, iqlim dəyişikliyi və sağlamlıq departamentinin keçmiş direktoru Mariya Neyranın fikrincə, hazırda havanın çirklənməsinə qarşı mübarizədə əsas maneə texnologiyaların olmaması deyil, siyasi iradənin çatışmazlığıdır.

"Breathe Cities" təşəbbüsü hazırda dünyanın 16 şəhəri ilə əməkdaşlıq edir. Təşəbbüs havanın keyfiyyəti ilə bağlı məlumatlara çıxışın genişləndirilməsinə kömək edir və təmiz hava sahəsində siyasətin hazırlanmasını dəstəkləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: