Qərbi Nil virusu Avropada yayılmaqda davam edir. Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin (ECDC) açıqladığı məlumatına görə, bu ilin ötən dövründə Avropanın 16 ölkəsində 1482 nəfər bu xəstəliyə tutulub.
NUHÇIXAN xəbər verir ki, son məlumatlara əsasən, ən çox yoluxma İtaliyada qeydə alınıb. Burada xəstəliyə tutulanların sayı 652-dir. Yunanıstanda 355, İspaniyada 114, Rumıniyada 91, Fransada isə 81 nəfər bu virusa tutulub. .
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi Avropada virusun müşahidə olunduğu 180 ərazi müəyyən edib. Onlardan 19-u bu həftə ilk dəfə siyahıya daxil edilib. Fransada 19 belə ərazi qeydə alınıb.
Qərbi Nil virusu əsasən quşlar və ağcaqanadlar, xüsusilə “Culex” cinsinə aid ağcaqanadlar arasında yayılır. İnsanlar və digər məməlilər isə yoluxmuş ağcaqanadın sancması nəticəsində təsadüfən virusa yoluxa bilərlər.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, insanlarda yoluxmaların təxminən 80 faizi simptomsuz keçir. Təxminən 20 faiz hallarda qızdırma, başağrısı, yorğunluq, əzələ ağrıları, qusma və dəri səpgiləri müşahidə oluna bilər.
Yoluxanların 1 faizindən azında meningit və ya ensefalit kimi ağır nevroloji fəsadlar inkişaf edə bilər. Yaşlı insanlar və immun sistemi zəif olan şəxslər daha yüksək risk qrupuna daxildir. Hazırda Qərbi Nil virusuna qarşı spesifik müalicə və peyvənd mövcud deyil.
Avropada yoluxmaların böyük hissəsi ağcaqanadların daha aktiv olduğu iyul-sentyabr aylarında qeydə alınır. Yüksək temperatur, rütubətli ərazilər və köçəri quşların mövcudluğu virusun yayılmasına şərait yaradır.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin həftəlik monitorinqi səhiyyə orqanlarına yoluxma aşkar edilən ərazilərdə qan, orqan, toxuma və hüceyrə donorluğu ilə bağlı təhlükəsizlik tədbirlərini uyğunlaşdırmağa imkan verməlidir.
