Sudanda 5 milyondan çox məcburi köçkün evlərinə qayıdıb

A- A A+

Sudanda davam edən vətəndaş müharibəsi və ağır humanitar vəziyyətə baxmayaraq, 5 milyon 150 min məcburi köçkün ölkənin 9 vilayətində yerləşən 76 inzibati əraziyə geri dönüb.

NUHÇIXAN xəbər verir ki, BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatına görə, geri qayıdan əhali hələ də ciddi problemlərlə üzləşir. Münaqişə nəticəsində zərər görmüş evlər, məktəblər və tibb məntəqələri insanların ehtiyaclarını tam ödəmək imkanında deyil. Təcili dəstək göstərilmədiyi təqdirdə ailələrin yenidən didərgin düşmək təhlükəsi qalır.

Sudanda ordu ilə Çevik Dəstək Qüvvələri arasında döyüşlər 2023-cü ilin aprelindən davam edir. Münaqişə nəticəsində 200 mindən çox insanın öldüyü, 12 milyondan çox sudanlının isə öz yaşayış yerlərini tərk etdiyi bildirilir. BMT ölkədəki vəziyyəti dünyanın ən ağır humanitar böhranlarından biri kimi qiymətləndirir.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına əsasən, təxminən 5 milyon sudanlı qonşu ölkələrə sığınıb. Ötən il ordunun paytaxt Xartuma nəzarəti bərpa etməsindən sonra təhlükəsizlik vəziyyətinin yaxşılaşdığını düşünən məcburi köçkünlər və qaçqınlar paytaxta və ölkənin digər ərazilərinə qayıtmağa başlayıblar.

Bununla yanaşı, BMqT-nin məlumatına görə, Sudandakı daxili köçkünlərin sayı dünyada ən yüksək göstəricilərdən biri olaraq qalır. Hazırda 9 milyona yaxın sudanlı hələ də ölkə daxilində məcburi köçkün vəziyyətindədir.

Təşkilat qeyd edib ki, Darfur, Kordofan bölgələrində davam edən təhlükəsizlik problemləri hələ də insanları yaşayış yerlərini tərk etməyə məcbur edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: