Böyük Britaniya ordusu mümkün düşmən təhdidlərindən qorunmaq məqsədilə digər ölkələrə məxsus peyklərin fəaliyyətinə müdaxilə edir.
NUHÇIXAN xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilib ki, Böyük Britaniya Kral Hərbi Hava Qüvvələri (RAF) təxminən bir ildir potensial rəqiblərin qarşısını almaq məqsədilə bu yerüstü sistemdən istifadə edir. Sistemin, xüsusilə, xarici ölkələrə məxsus peyklərin Britaniyanın nüvə silahı daşıyan sualtı qayıqlarının hərəkətini və xüsusi təyinatlı qüvvələrin əməliyyatları kimi həssas hərbi fəaliyyətləri izləməsinin qarşısını almaq üçün istifadə oluna biləcəyi bildirilir.
Müdafiə naziri Ues Stritinq bildirib ki, mobil telefonlardan bank tətbiqlərinədək gündəlik həyatda istifadə olunan bir çox texnologiya peyklərdən asılıdır. Onun sözlərinə görə, GPS sisteminin sıradan çıxması Britaniya iqtisadiyyatına gündə təxminən 1,4 milyard funt sterlinq zərər vura bilər. Nazir qeyd edib ki, ölkənin kosmik texnologiyalardan yüksək asılılığı bu sahəni rəqiblər üçün getdikcə daha çox hədəfə çevirir.
