Avropa İttifaqı (Aİ) Şurası “Ukraine Facility” çərçivəsində Ukraynaya səkkizinci müntəzəm ödənişin ayrılmasını təsdiqləyib.
NUHÇIXAN xəbər verir ki, Şuranın qərarına əsasən, Kiyev yaxın vaxtlarda təxminən 3 milyard avro əldə edəcək. Bu vəsaitin 800 milyon avroya yaxın hissəsi ilk dəfə “Ukraine Support Loan” mexanizmi hesabına təmin olunacaq.
Ödəniş Ukraynanın “Ukraine Plan” üzrə nəzərdə tutulan 10 hədəfi yerinə yetirməsi əsasında təsdiqlənib. Bununla da ölkə indiyədək müəyyən edilmiş 95 hədəfdən 84-nü, yəni təxminən 88 faizini yerinə yetirib.
Aİ Şurasının məlumatında bildirilib ki, “Ukraine Facility” vəsaiti bu ölkənin makromaliyyə sabitliyinin qorunmasına, bərpa və modernləşdirmə prosesinə, dövlət idarəçiliyinin fəaliyyətinin təmin edilməsinə və islahatlara dəstək məqsədi daşıyır.
Şura, həmçinin Norveçin 1 milyard kron (92 milyon avro) məbləğində geri qaytarılmayan könüllü maliyyə töhfəsini “Ukraine Plan”a daxil edib. Bununla da Norveç Aİ üzvü olmayan dövlətlər arasında “Ukraine Facility” mexanizminin birinci sütununa töhfə verən ilk ölkə olub.
