Qazaxıstanın Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı itkin düşən iki hərbçinin axtarışları davam etdirilir.
NUHÇIXAN Manqistau vilayətinin Akimliyinə istinadla xəbər verir ki, Baş nazirin müavini Kanat Bozumbayevin rəhbərlik etdiyi Hökumət Komissiyası fövqəladə hadisə yerində işini davam etdirir.
Kanat Bozumbayev bütün zəruri qüvvə və vasitələrin cəlb olunması ilə itkin düşən hərbçilərin fasiləsiz, gecə-gündüz axtarılmasını tapşırıb. Həlak olan hərbçilərin ailələrinə zəruri maddi və digər yardımların göstərilməsi də tapşırılıb.
Dəqiqləşdirilmiş məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi zamanı meteoroloji şəraitin kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində 17 hərbçini dənizdə axın aparıb. Onlardan 12-si həlak olub, 3 nəfəri xilas etmək mümkün olub. Digər iki hərbçinin axtarışları davam etdirilir.
Qazaxıstanın Müdafiə Nazirliyi Manqistau vilayətində keçirilən təlimlər zamanı həlak olan hərbçilərin siyahısını da açıqlayıb. Nazirlik həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Səlahiyyətli dövlət orqanları hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsi istiqamətində araşdırmaları davam etdirirlər.
